Piter Semnebi: “Avropa İttifaqı Xocalı faciəsi ilə bağlı Azərbaycanın kədərinə şərikdir”
Avropa İttifaqı Xocalı faciəsi ilə bağlı Azərbaycanın kədərinə şərikdir, Azərbaycan xalqına başsağlığı diləyir. SİA-nın məlumatına görə bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu statusda Azərbaycan jurnalistləri ilə son görüşü ilə bağlı keçirdiyi konfransda səsləndiriblər.
Diplomatlar Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovun vaxtsız vəfatından da kədərləndiklərini söyləyiblər. Piter Semnebi mərhum Fuad İsmayılovla yaxın dost olduqlarını deyib: "ATƏT çərçivəsində bir çox görüşlər keçirmişik. Son dəfə onunla iki həftə öncə görüşmüşdüm. Çox peşəkar diplomat idi, ölkəsini gözəl təmsil edirdi, gözəl analitik idi, öz fikirlərini digərlərinə çatdırmağı bacarırdı və çoxlu dost qazanmışdı".
P. Semnebi bu vəzifədə 5 il çalışdığını, bu müddət ərzində regiona tez-tez səfərlər etdiyini xatırladıb: "Mənim Azərbaycanın hökumət qurumları ilə çox gözəl əlaqələrim olub, həm Prezident Administrasiyası, həm siyasi qurumların nümayəndələri, vətəndaş cəmiyyətlərinin təmsilçiləri ilə gözəl əlaqələr saxlamışıq. Onların ölkənin inkişafı üçün çalışdığını görmək mənim üçün çox xoş olub. Bir çox mühüm məsələlərdə Azərbaycan Avropaya doğru irəliləyib. Bu müddət ərzində Dağlıq Qarabağ münaqişəsi ilə də məşğul olmuşam. Avropa İttifaqı bu məsələ ilə məşğul olmaq səviyyəsini artırıb. Bu o deməkdir ki, Avropa İttifaqının regiona marağı artıb. Avropa İttifaqı Minsk Qrupunun səylərini dəstəkləyir, Rusiyanın və şəxsən prezident Dmitri Medvedevin səylərini yüksək qiymətləndirirəm. Bu səylər olmasaydı vəziyyət daha da pis olardı. Biz regionda gedən silahlanma prosesindən narahatıq, bu təhlükəli ola bilər".
Piter Semnebi xüsusi nümayəndə vəzifəsindən getdikdən sonra hansı vəzifə ilə məşğul olacağını müəyyənləşdirmədiyini deyib: "Avropa İttifaqının xarici siyasətində dəyişikliklər aparılır, belə təyinat olsa, həmin nümayəndənin mandatında dəyişikliklər olacaq. Amma bu barədə hələ dəqiq qərar qəbul olunmayıb".
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia bəyan edib ki, xüsusi nümayəndə təyin olunub-olunmayacağından asılı olmayaraq Avropa İttifaqının bu regiona marağını azaltmayacaq: "Birgə maraqlar hər zaman mövcuddur. Hazırda Azərbaycanda Avropa İttifaqına üzv ölkələrin səfirlikləri fəaliyyət göstərir, onlardan 3-ü yeni fəaliyyətə başlayıb.
Hazırda Azərbaycanla Avropa İttifaqının gündəmində duran məsələlər arasında Dağlıq Qarabağ münaqişəsinin həlli, assosiativ saziş üzərində iş, viza rejiminin sadələşdirilməsi kimi məsələlər var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB