Cənub bölgəsində də Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Cənub bölgəsində də Xocalı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Bu gün Cənub bölgəsində Xocalı qurbanlarının 19-cu ildönümü ehtiramla yad edilib. SİA-nın cənub bürosunun məlumatına görə, Astara rayonunda İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, icra aparatının əməkdaşları, mədəniyyət, təhsil, səhiyyə və rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər xatirə abidəsinin önünə gələrək erməni vəhşiliyinin qurbanlarının ruhuna dua oxuyub, ehtiramlarını bildiriblər. Məktəblilərin ifasında Xocalıya, Şəhidlərə həsr olunmuş şeirlər səslənib.

Masallı şəhər Şəhidlər kompleksində ucaldılmış Xocalı qurbanları abidəsi önündə anım mərasimi keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətinin nümayəndələri abidə önünə tər çiçəklər düzməklə şəhidlərin xatirəsini ehtiramla yad ediblər. Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına uyğun olaraq rayonun idarə və müəssisələrində Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirilib.

Həmçinin Xocalıdan olan 1 ailəyə maddi yardım göstərilib. Təhsil müəssisələrində fevralın 25-də Xocalı dərsləri keçirilib.

Lənkəran şəhərində də Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib. Bu gün şəhərin mərkəzində erməni faşistləri tərəfindən amansızcasına qətlə yetirilmiş, heç bir günahı olmayan uşaq, qadın, qoca, bir sözlə dinc sakinlərin xatirəsinə ucaldılmış əzəmətli abidəsinin önünə gələrək əklillər qoyublar.

Abidə önünə gələn Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə,təşkilat, müəssisələrin kollektivləri, məktəblilər günahsız insanların xatirəsini ehtiramla yad ediblər.

Lənkəranlı gənclər "Xocalı soyqırımına biganə qalmayın" elektron-poçt aksiyasını davam etdiriblər .

Bütün xəbərlər Facebook səhifəmizdə