Şirvan şəhərində Xocalı Faciəsinin 19-cu ildönümü qeyd edilib

Şirvan şəhərində Xocalı Faciəsinin 19-cu ildönümü qeyd edilib

YAP-ın Şirvan şəhər Təşkilatının binasında keçirilən ümumşəhər toplantısında ilk öncə İcra Hakimiyyətinin başçısı Mərdan Camalov çıxış edərək 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni vandalizminin rus ordusunun 366-cı motoatıcı alayının yaxından köməkliyi ilə Xocalıda görünməmiş, insanlığa qarşı törədilmiş ən böyük soyqırım haqqında məlumat verib: "Xocalı sakinlərinin kiçikdən böyüyə qədər gülləbaran edilməsi, vəhşicəsinə işgəncələrə məruz qalması bəşəriyyət tarixində ən qanlı faciələrdən biri kimi dünya tarixinə yazılıb".

Bu gün dünyanın hər yerində Xocalı faciəsinin ermənilər tərəfindən törədilməsi geniş təbliğ olunur deyən şəhər rəhbərliyi ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xalqımızın başına gətirilən cinayətlərin beynəlxalq aləmin diqqətinə çatdırılığını, Xocalı faciəsinə hüquqi qiymət verildiyini bildirib.

Heydər Əliyev fondunun Xocalı Soyqırımı ilə bağlı dünyanın tanınmış ölkələrində silsilə tədbirlər keçirilməsindən bəhs edən M.Camalov qeyd edib ki, ölkə başçısı İlham Əliyevin Qarabağ probleminin həll olunmasında məhz Xocalı faciəsi kimi cinayətlərə görə erməni dövlətinə qarşı sərt, dəyişməz mövqe nümayiş etdirir.

Tədbirdə Xocalı sakini Arif Əzimov, təhsil işçisi Məhərrəm Teymurov, Türk liseyinin müdir müavini Saleh Məmmədli çıxışlar ediblər. 2 saylı məktəbin şagirdləri ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. 3 nəfər Xocalıdan olan məcburi köçkün Rəsulova Şükufəyə, Əzizov Arifə, Cahangirov Elməddinə maddi yardımlar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə