Abel Məhərrəmov: “Xocalı soyqırımı ermənilər tərəfindən yönəldilən etnik soyqırımının tərkib hissəsidir”

Abel Məhərrəmov: “Xocalı soyqırımı ermənilər tərəfindən yönəldilən etnik soyqırımının tərkib hissəsidir”
"Xocalı faciəsi Azərbaycan tarixində, ümumiyyətlə, insanlıq tarixində baş vermiş ən böyük terrorizm, millətimizə qarşı yönəldilən etnik təmizləmədir. Ona görə də hamı istəyir ki, bu istiqamətdə milli təəssübkeşliyini, vətəndaş mövqeyini ortaya qoysun və məlumatları dünya ictimaiyyətinə çatdırsın". Bu barədə SİA-ya açıqlamasında millət vəkili Abel Məhərrəmov deyib. O bildirib ki, yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu məsələlərə xüsusi qiymət, dəyər verilib, onlar dünya ictimaiyyətinə çatıdırılıb. Onun sözlərinə görə, bu gün də cənab prezident İlham Əliyev tərəfindən sistematik olaraq məlumatlar beynəlxalq təşkilatlara, dünya birliyinə təqdim olunur.

"Ancaq dünya birliyi təəssüflər olsun ki, buna hələ də lazımi dəyər verməyib. Mən əminəm ki, belə müraciətlər bir gün öz nəticəsini verəcək. Digər tərəfdən Xocalı faciəsinin anım mərasimini keçirərkən bir daha gəncləri ayıldırıq ki, ölkə tarixini dəqiq öyrənsinlər. Xocalı soyqırımı ermənilər tərəfindən yönəldilən etnik soyqırımının tərkib hissəsidir. Bu böyük bir tarixə malikdir və uzun illər ermənilərin böyük Ermənistan təxəyyülünün nəticəsidir ki, həyata keçirilib. Ermənilər öz cəzalarını almalıdırlar. Vaxt gələcək Azərbaycan xalqı da bu istiqamətdə öz sözünü deyə biləcək", - deyə o əlavə edib.

Rektor universitetdə də bu istiqamətdə hansı işlərin həyata keçirildiyinə münasibət bildirib. O vurğulayıb ki, universitet tərəfindən bu istiqamətdə bir neçə kitab hazırlanıb. Universitetdə xüsusi saytın yaradıldığını deyən A.Məhərrəmov qeyd edib ki, burada bütün məlumatlar düzgün şəkildə dünya birliyinə çatdırılır. Onun sözlərinə görə, artıq bu sayt vasitəsilə dünyanın müxtəlif ölkələrinə, dövlət qurumlarına, senat üzvlərinə, tanınmış alimlərə 20 minə yaxın müraciət göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə