Azərbaycanın Rusiya ilə əlaqələri yüksək səviyyədədir TƏHLİL

Azərbaycanın Rusiya ilə əlaqələri yüksək səviyyədədir TƏHLİL

Prezident İlham Əliyev: "Azərbaycan Rusiyaya 1,2 milyard dollar, Rusiya Azərbaycana 4,6 milyard dollar həcmində sərmayə qoyub"

Oktyabrın 2-3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə bu ölkədə işgüzar səfərdə olub. Səfər çərçivəsində dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri keçirilib və Azərbaycan Prezidenti Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI plenar sessiyasında çıxış edib. Prezidentin beynəlxalq münasibətlərin aktual məsələlərinin müzakirəsi üçün önəmli platforma olan "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı geniş ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanıb, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın qətiyyətli və haqlı mövqeyini bir daha bütün dünyaya bəyan edib.

Azərbaycan-Rusiya əlaqələrinin kompleks inkişafı baxımından, xüsusi əhəmiyyət daşıyan bu səfər ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində də mühüm önəm kəsb edir. Eyni zamanda, Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir, Azərbaycan və Rusiya prezidentlərinin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir. Siyasi əlaqələrin strateji xarakteri, Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətləri iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır.

Azərbaycanın mehriban qonşu, dost, etibarlı və mühüm tərəfdaş olan Rusiya ilə əlaqələri yüksək səviyyədədir, siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə əməkdaşlığımız genişlənir. Əlaqələrimizin inkişaf dinamikası və əldə edilən nəticələr çox müsbətdir. Bütün bunların arxasında strateji əməkdaşlıq, mühüm işlər, önəmli layihələr dayanır və yüksək göstəricilərdə əksini tapır. İkitərəfli əməkdaşlıqda qazanılan uğurlar dövlət başçılarının siyasi iradəsindən qaynaqlanır, məhz bu mühüm amil strateji tərəfdaşlığımızı daha da möhkəmləndirir. Bu baxımdan, Azərbaycan Prezidentinin Rusiyanın Soçi şəhərinə işgüzar səfəri xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində aparılan müzakirələr Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının gələcək inkişafı üçün möhkəm əsas yaradır. Prezident İlham Əliyev çıxışı zamanı qeyd edib ki, ticari-iqtisadi münasibətlərimizin inkişafında müsbət dinamika müşahidə olunur: "Biz əmtəə dövriyyəsini hər il artırırıq. Bu, get-gedə çətinləşir, çünki keçən il biz təqribən 20 faiz artım barədə danışırdıqsa, bu il artım daha çox olub. Beş "Yol xəritəsi" çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi, şübhəsiz ki, ticari əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiyaya 1,2 milyard dollar, Rusiya Azərbaycana 4,6 milyard dollar həcmində sərmayə qoyub. Burada biz geri qalırıq, lakin bunun obyektiv səbəbləri var. Onu da, qeyd etmək istərdim ki, sənayeləşmə məsələsində Rusiya bankları bizə çox kömək edir. Onlar iqtisadiyyatın real sektorunda həyata keçirilən layihələr üçün, təqribən 1 milyard dollar kredit ayırıblar".

Azərbaycan və Rusiya prezidentləri ölkələrarası ticarətin genişlənməsinə xüsusi önəm verirlər. Azərbaycan Prezidentinin ötən ilin sentyabrında Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planında əks olunan 5 "Yol xəritəsi" iqtisadi əlaqələrimizin genişlənməsinin mühüm istiqamətlərini müəyyən edir.

Bu "Yol xəritələri" ticarət, nəqliyyat, Azərbaycan ərazisində birgə istehsalın yaradılması, büdcə-vergi sektorunun rəqəmsallaşdırılması üzrə qarşılıqlı fəaliyyəti və humanitar sahədə əməkdaşlığı nəzərdə tutur. Əlaqələrimizin daha dinamik inkişafı üçün görülən işlər bu məqsədlərin reallaşdırılmasına xidmət edir. "Yol xəritələri"ndə ticarət əməkdaşlığının daha da dərinləşməsi məsələlərinə xüsusi yer ayrılır. Bununla yanaşı, Azərbaycan və Rusiya arasındakı Sərbəst Ticarət haqqında Saziş ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır.

Hazırda ticarət əlaqələrimiz yüksək templərlə inkişaf edir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Rusiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin, təxminən yarısı Azərbaycanın payına düşür. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə ilk yerdədir. Ötən il Azərbaycan-Rusiya ticarət dövriyyəsi 20 faiz, bu ilin yanvar-avqust aylarında isə, 24 faiz artıb. Azərbaycan ilə Rusiya arasında ticarətin yüksək templərlə artması strateji əməkdaşlığımızın mühüm göstəricisi olmaqla, Azərbaycan Prezidentinin xarici iqtisadi əlaqələrin genişləndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması istiqamətində qəbul etdiyi mühüm qərarların, dövlətimizin başçısının rəhbərliyi ilə görülən sistemli və ardıcıl işlərin məntiqi nəticəsidir.

Bu günlərdə keçirilən Avrasiya İqtisadi Şurasının iclasında bildirilib ki, Avrasiya İqtisadi İttifaqına üzv ölkələr arasında ticarət dövriyyəsi cari ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 5 faizdən çox, İttifaqın üçüncü ölkələrlə ticarəti isə, 2 faizdən çox aşağı düşüb. Rusiyanın Avrasiya İqtisadi İttifaqının üzvü olan digər ölkələrlə ticarət dövriyyəsi isə, həmin dövrdə 7 faizdən çox azalıb.

Azərbaycanla Rusiya arasında ticarətin müsbət artım templərini daha da gücləndirmək məqsədilə tədbirlər davam etdirilir. Belə ki, Rusiyada Azərbaycanın Ticarət Nümayəndəliyi, Həştərxan şəhərində Azərbaycan İş Mərkəzi, Yekaterinburq şəhərində Azərbaycan Şərab Evi fəaliyyət göstərir və iş adamları arasında birbaşa ticarət əlaqələrinin genişlənməsinə töhfə verir. Həmçinin, Moskva şəhərində Azərbaycan məhsullarının geniş çeşiddə təqdim olunduğu "Azərbaycan nemətləri" mağazası açılıb. Rusiyanın digər şəhərlərində də bu cür mağazaların açılması istiqamətində işlər aparılır. Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin genişlənməsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları da uğurlu fəaliyyət göstərirlər.

Xarici ticarətin genişləndirilməsi sahəsində görülən işlərin nəticəsi olaraq, bu ilin 8 ayı ərzində, qeyri-neft ixracımız 15 faiz artıb. Gələn il bu göstəricinin 20 faiz təşkil edəcəyi, 2023-cü ildə 3 milyard ABŞ dollarını ötməsi gözlənilir. Xarici ticarət dövriyyəsində önəmli yer tutan Rusiya ilə ticarət əməkdaşlığına gəlincə, ötən il ölkələrimiz arasında ticarətin həcmi 2,5 milyard ABŞ dolları təşkil edib və bu sahədə həyata keçirilən ardıcıl və sistemli tədbirlər, artım dinamikası 2019-cu ildə ticarət dövriyyəsinin 3 milyard dollara çatacağını söyləməyə tam əsas yaradır.

Dövlət başçılarının siyasi iradəsi, ölkələrimizdəki əlverişli işgüzar mühit qarşılıqlı investisiya qoyuluşları üçün geniş imkanlar yaradır. Azərbaycanda 700-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 4,6 milyard dollar, Azərbaycan tərəfindən isə Rusiyaya 1,2 milyard dollar sərmayə yatırılıb. Azərbaycan investorları Rusiyanın müxtəlif bölgələrində maliyyə-bank, daşınmaz əmlak, sanatoriya-kurort, qida sənayesi, tikinti materiallarının istehsalı və digər sahələri əhatə edən layihələr həyata keçirirlər. Eyni zamanda, ölkəmizdə Rusiya ilə birgə layihələr reallaşdırılır. "SOCAR Polymer" layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın "KamAZ" və "Ural" zavodları ilə əməkdaşlığı, "Azərmaş" və "QAZ" şirkətləri arasında birgə layihələr, helikopterlərin təmiri və texniki xidmət mərkəzinin, Hacıqabulda izolyasiya materialları istehsalının təşkili layihələri Azərbaycan -Rusiya sənaye-investisiya əməkdaşlığının önəmli nümunələridir. Rusiyanın Sənaye və Ticarət naziri Denis Manturovun ölkəmizə səfəri və Azərbaycan nümayəndə heyətinin Rusiyanın Yekaterinburq şəhərində keçirilmiş "İNNOPROM" beynəlxalq sənaye sərgisində iştirakı çərçivəsində aparılan müzakirələrdə ölkəmizdə kənd təsərrüfatı texnikasının, vaqonlar üçün ehtiyat hissələrinin və digər sənaye məhsullarının istehsalının təşkili barədə razılıq əldə edilib. Həmçinin, Rusiya bankları ilə də sıx əməkdaşlıq həyata keçirilir. Belə ki, Azərbaycanda sənaye sahəsində həyata keçirilən layihələrə Rusiya bankları 1 milyard dollara yaxın vəsait yönəldiblər.

Azərbaycan-Rusiya əməkdaşlığında regionlararası əlaqələrin rolu da xüsusi qeyd olunmalıdır. Ölkəmizin Rusiyanın 80-ə yaxın federal subyekti ilə iqtisadi əlaqələri mövcuddur. Bu subyektlərdən 20-si ilə iqtisadi-ticarət, elmi-texniki və mədəni əməkdaşlığa dair sazişlər imzalanıb. Ənənəvi olaraq, keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu Rusiya Federasiyası və onun subyektləri ilə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli platformadır. Bu ilin dekabr ayında Moskva şəhərində 10-cu forumun keçirilməsi nəzərdə tutulur.

Bir sözlə, Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına səfəri və səfər çərçivəsində aparılan müzakirələr ölkələrimiz arasındakı strateji əməkdaşlığı daha da möhkəmləndirməklə yanaşı, əlaqələrin bütün sahələrdə dərinləşməsinə, mövcud geniş potensialın daha dolğun reallaşdırılmasına, dövlət başçılarının müəyyənləşdirdiyi prioritetlər üzrə iqtisadi-ticarət əməkdaşlığının inkişafına böyük təkan verəcək.

"Səs" Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə