Əli Kərimli hara, “Valday”ı anlamaq hara... ANALITIK

Əli Kərimli hara, “Valday”ı anlamaq hara... ANALITIK

Yaxud, AXCP sədri nəyə görə gedib siyasət elmini öyrənməlidir?

Prezident İlham Əliyevin Soçidə - “Valday” diskussiya klubunun toplantısında Ermənistanın baş naziri Nikol Paşinyana verdiyi nidalı, sərt və möhtəşəm cavabı söz yox ki, erməniləri ciddi şəkildə narahat etdi. Lakin narahat olan yalnız Nikol və erməni ictimaiyyəti deyildi, onun qədər təlaş keçirənlərdən biri də məhz ermənilər qədər ölkəmizə, xalqımıza düşmən kəsilən AXCP sədri Əli Kərimli oldu ki, o daxilindəki xəbisliyini gözlənildiyi kimi, bloqerliyi ilə üzə çıxardı. Dərhal qollarını çırmayaraq klaviatura arxasına keçən Kərimli Paşinyanın “Qarabağ Ermənistanındır və nöqtə” kimi sərsəm iddiasına qarşı Əliyevin “Qarabağ Azərbaycanındır və nida” cavabını öz təbirincə “təhlil” etdi. İddialı sual verdi ki, bəs həmin cavab nəyə görə dərhal verilmədi, iki aydan sonra verildi və s...

AXCP sədri ucuz təfəkkürü ilə yandaşlarının başına ip salıb, dolayır...

Əslində, Ə.Kərimli həmin rəftarı ilə bir daha sübut elədi ki, o heç vaxt siyasətçi olmayıb, bundan sonra da olmayacaq! Halbuki, AXCP sədri hakimiyyətə iddialı olduğunu bəyan edir, uzun illərdir ki, öz uğursuzluqlarını populistliyi, daxili auditoriyasına hesablanmış ucuz təfəkkürü ilə yandaşlarının başına ip salıb, dolayır...

Əgər Kərimli həqiqətən də Azərbaycan Prezidentinin “Valday” diskussiya klubundakı cavabının nəyə görə iki ay sonra verildiyini anlamırsa, sözün həqiqi mənasında qanmırsa, demək ona kiçik bir siyasi dərs keçmək lazımdır. Misal üçün, AXCP sədri anlamalıdır ki, əgər siyasi çevrələrdə kimsə digərinə eyham olaraq sərt bəyanat səsləndirirsə, həmin bəyanata dərhal cavab vermək ondan təsirlənmək mənasını daşıyır. Yaxud, bəyanata cavab zamanında, yerində, daha geniş auditoriyada verilir ki, bu da daha effektli nəticə tapır. Cənab İlham Əliyevin Paşinyana cavabı da birbaşa beynəlxalq auditoriyada verildi ki, əgər erməni baş nazir öz sərsəm fikirlərini işğal olunmuş Qarabağda səsləndirmişdisə, bizim dövlət başçımız ən mötəbər toplantıda nidalı bəyanatını verdi.

Orada daha kimlər yox idi ki...

Ə.Kərimli sosial şəbəkələrdə sərsəm suallar verib, öz təbirincə xal toplaması yerinə bilməlidir ki, “Valday” diskussiya klubu fəaliyyət göstərdiyi 15 il ərzində beynəlxalq avtoritetli meydana çevrilib ki, orada müxtəlif sahələr - siyasi, iqtisadi, mədəniyyət üzrə peşəkar dialoqlar keçirilir. Ötən illər ərzində klubda ən geniş və aktual problemlər müzakirə olunub: Suriya, Liviya, Kosovo, Ukrayna, Koreya yarımadası, BMT-nin təkmilləşdirilməsi, sanksiyalara reaksiya, eləcə də ABŞ, Aİ və NATO münasibətləri.

Bundan əlavə, keçirilən sonuncu iclas klubun fəaliyyət göstərdiyi illər ərzində ən çox müzakirəli və statuslu olub - beş ölkənin dövlət başçıları, bir neçə xarici işlər nazirləri və onların müavinləri, OPEK rəhbəri, Rusiya Federasiyasının rəhbər strukturlarından olan subyektlər və 50-dən çox ABŞ-dan Çinə qədər müxtəlif beynəlxalq analitik mərkəzlərin təmsilçiləri.

Təkcə kiçik bir nəzər atmaq lazımdır ki, orada daha kimlərin iştirakını müəyyən, müzakirə formatının iştirakçıları olan intellektual elitaların siyasi nüfuzlarını, əhəmiyyətlərini anlayasan. Belə ki, klubun daimi ekspertləri sırasında Almaniyanın NATO şurasının eks-daimi nümayəndəsi, Almaniyanın Böyük Britaniyadakı səfiri Hans-Fridrix fon Plöts, Avstiyanın sabiq federal kansleri, “Rusiya-Avropa” (Vyana) Forumunun rəhbəri Volfanq Şyüssel, “Qlobal sosial ədalət” Ümumdünya QHT-nin rəhbəri Fransin Menstrum,Beynəlxalq strateji araşdırmalar (CISS) mərkəzinin direktoru Əli Sərvər Nəkvi, Vaşinqtonun Yaxın Şərq İnstitunun elmi əçəkdaşı, nüfuzlu politoloq Güney Yıldız, Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada üzrə baş elmi əməkdaşı Vladimir Vaslyev, Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada üzrə hərbi-siyasi araşdırmalar institunun rəhbəri Vladimir Batyuk, Avropanın məşhur siyasi proqnozçusu və politoloqu Aleksandr Rar, Rusiyanın nüfuzlu şərqşünasları Konstantin Truyevtsev və Dmitri Yevremenko və başqa intellektuallar zümrəsi “Valday” klubunda əsas iştirakçılar sırasında yer alıblar.

Əli Kərimli nə qədər ucuz, lüzumsuz bir fərd olduğunu qanmalıdır!

Məhz belə bir məqamda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Ermənistanın baş nazirini sözün həqiqi mənasında yerində otuzdurması, sərt şəkildə və zamanında cavabını verməsi yüksək şəkildə dəyərləndirildi. Belə olan halda, sosial şəbəkələrin künc-bucaqlarında var-gəl edib, guya ki özünü “ağıllı” hesab edərək, sərsəm suallar ünvanlayan Ə.Kərimli yaxşı olardı ki, gedib siyasi bilgisini artırmaqla məşğul olsun. Hər halda, dünyanın və Avropanın nüfuzlu siyasi-ictimai, elmi elitası qarşısında özünün nə qədər ucuz, lüzumsuz bir fərd olduğunu sözün həqiqi mənasında qansın – qansın və sosial şəbəkələrdə çox da var-gəllər edib, daha da rüsvay olmasın...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə