"Azərbaycan-Rusiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir" RƏY-ÖZƏL

"Azərbaycan-Rusiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir" RƏY-ÖZƏL

“Prezident İlham Əliyevin ötən həftə Rusiyaya səfəri çox lazımlı və vacib idi. Cənab prezidentin “Valday” klubunun tədbirində çıxışı, qətiyyəti, cəsarəti Azərbaycan xalqının iradəsinini mərahətlə ifadə etməsi, “Qarabağ Azərbaycandır və nida işarəsi” cümləsini işlətməsi, təkcə tədbir işitrakçıları və ya düşmən ölkə üçün deyildi. Verilən mesajlar eyni zamanda bütün beynəlxalq aləmə ünvanlanmışdı”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib

O bildirib ki, ölkə başçısınının “Valday” klubunun tədbirində çıxışı ilə Azərbaycan dövlətinin işğal altında olan torpaqlarını azad edəcəyi bir daha bəyan oldu.

Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla düşmən ölkənin avantürist dəstəsinin müxtəlif sərsəm bəyanatlar verməsinin konkret məsələlərə hesablandığını deyən deputat söyləyib ki, Prezident İlham Əliyev çıxışı ilə bütün məsələlərə bir daha aydınlıq gətirmiş oldu.

E. Məmmədov söyləyib ki, ölkəmizin Rusiyada mühüm bir tədbirdə ən yüksək səviyyədə təmsil olunması, dövlət başçısının Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarına müsahibə verərkən beynəlxalq hüquqla bağlı vəziyyət, regionda baş verən proseslər, eləcə də Azərbaycan-Rusiya münasibətlərinin inkişafı istiqamətində sualları cavablandırması ölkəmizin yüksək beynəlxalq imicə malik olmasının, eləcə də bir sıra məsələlərdə bizimlə hesablaşıldığının göstəricisidir.

Millət vəkili vurğulayıb ki, çoxları Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə yüksəlməsinə qibtə ilə yanaşır: “Rusiya ilə Azərbaycan dövlət başçıları arasında olan yaxın, dost münasibətləri bizi sevindirir. Azərbaycan dövləti qonşu ölkəyə qarşı hər zaman səmimi olub və bu münasibətlər bu gün də davam edir. İki ölkə arasında olan əməkdaşlıq, tərəfdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Rusiya qonşu ölkə olmaqla yanaşı, həm Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həmsədr, həm də Ermənistan üçün həlledici gücə, nüfuza malik dövlətdir. Rusiyanın fikirləri işğalçı dövlət üçün keçərlidir. Bunları nəzrə alaraq arzu edərdik ki, Azərbaycan-Rusiya münasibətləri daha da isti olsun və bizim səmimiyyətimizə, sədaqətimizə qarşılıq verilsin”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə