"Ulu Öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi" ÖZƏL-ŞƏRH

"Ulu Öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi" ÖZƏL-ŞƏRH

“Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin 3 oktyabrında ilk dəfə olaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. İstərdim ki, gedən bu yola nəzər salaq. O vaxtlar Azərbaycanda çox ağır və gərgin bir vəziyyət idi”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

“Bildiyiniz kimi o zamanlar Ulu Öndər Naxçıvanda idi və orada Ali Məclisin Sədri işləyirdi. Artıq Gəncə hadisələrindən sonra bütün Azərbaycanda böyük narazılıqlar var idi. Xalq ayağa qalxmışdı və Heydər Əliyevi tələb edirdi. Azərbaycanda bir tərəfdən cənub zonasında Talış-Muğan Respublikası, digər tərəfdən şimalda separatçılar baş qaldırmışdı. Təbii ki, daxildə qoçu dəstələri var idi. Sözün əsil mənasında Azərbaycanda anarxiya və xaos hökm sürürdü. Belə bir vaxtda insanlar ayağa qalxdılar və tələb etdilər. Beləcə 9 iyunda Heydər Əliyev Bakıya gəldi. Ulu Öndər Ali Sovetə sədr seçilməklə əlaqədar olaraq iyunun 13-də Gəncəyə getdi və orada Gəncə hadisələrini öyrəndi və iyunun 15-də qayıdaraq Ali Sovetin sədri seçildi. Təbii ki, Ali Sovetin sədri seçiləndən sonra da o vaxtkı hakimiyyətin adamları qaçdılar, vəzifələrini dondurdular və s. Əlbəttə ki, Ulu Öndər Prezident səlahiyyətini həyata keçirən bir insan kimi tam səlahiyyətli deyildi. O baxımdan müəyyən ölkələrlə, dövlətlərlə danışıqlar, müəyyən işlər görmək üçün hökmən bu lazım idi. Bir daha xalqın yenidən təkidli tələbi ilə tələb etdilər ki, Heydər Əliyev Prezident olmalıdır. Təbii ki, 1993-cü ilin 3 oktyabr tarixi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Çünki Heydər Əliyev o zaman Prezident seçilməsəydi yəqinki bugünkü Azərbaycanın taleyindən heç danışmaq mümkün olmazdı. O baxımdan bu tarix xalqımız, dövlətimiz üçün çox əziz bir tarixdir. Təbii ki, o zamanlar Heydər Əliyev Prezident seçiləndən sonra daha da ölkə daxilində qayda-qanun yaratdı və qoçu dəstələrinin hamısını yerində oturtdu. Siz təsəvvür edin ki, Heydər Əliyev 1994-95-ci illərdə dövlət çevrilişinin qarşısını aldı. Ulu Öndər çox böyük dövlət xadimi olmaqla bərabər çox cəsarətli bir insan idi.

Ümumilli lider Heydər Əliyevin Prezident seçilməsi ilə Azərbaycan tarixinin yeni mərhələsi başladı. Həmin gün xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrə ölkəyə sahib çıxa biləcək Heydər Əliyev kimi liderə ehtiyacı var.

Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır. Bir vaxtlar kommunist dövründə ən geridən qalan respublikalardan biri Azərbaycan idi. Lakin Heydər Əliyev Azərbaycanı ən qabaqcıl respublikaya çevirdi. Heydər Əliyev ölkədə çox mühüm islahatlar həyata keçirərək iqtisadiyyatımızın da günü-gündən inkişafına nail oldu. 1993-cü il tariximizin ən gözəl və şərəfli səhifələrindən biridir. Çünki Ulu Öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi və ölkəmizin inkişafına nail oldu”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə