"Prezidentimiz Soçidə Paşinyanın layiqli cavabını verdi" - MÖVQE

"Prezidentimiz Soçidə Paşinyanın layiqli cavabını verdi" - MÖVQE

“Cənab prezidentimiz İlham Əliyevin həmin tədbirə dəvət olunması Azərbaycan Respublikası Prezidentinin nüfuzunun bir göstəricisidir. Çünki İlham Əliyev dünya siyasətində özünü təsdiq etmiş və eyni zamanda regiondakı proseslərə yaxşı mənada təsir imkanları olan ölkənin prezidenti, eləcə də siyasi bir xadim kimi dünya tərəfindən qəbul olunub. Bu da bizim qonşumuz olan Rusiya ilə Azərbaycanın siyasi-iqtisadi münasibətlərinin yeni bir mərhələyə qədəm qoyması birbaşa Prezident İlham Əliyevin və Rusiyanın prezidenti Vladimir Putinin arasında olan dostluğun bir göstəricisidir”. Bunu Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov SİA-ya açıqlamasında deyib.

Millət vəkili qeyd edib ki, Prezidentimiz öz çıxışında çox mühim sahələrə toxundu: "Rusiya ilə bizim həm siyasi, həm iqtisadi əlaqələrimiz cənab Prezidentimizin çıxışında açıq şəkildə göstərildi. Sonra Şimal-Cənub dəmiryolu xətti, ölkələrimiz arasında hər bir sahədəki əməkdaşlığımız, xüsusilə müdafiə qabiliyyətimizi daha da gücləndirmək üçün müasir silahların ticarəti ilə bağlı məsələlərdə Prezidentimiz öz fikirlərini bildirdi. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunan ölkə başçısının fikirləri xüsusilə diqqətçəkən oldu. Bildiyiniz kimi Ermənistanın baş naziri Paşinyan daxili auditoriyaya hesablanmış sərsəm bəyanatlar verir. Gah "Dağlıq Qarabağ xalqı", "Qarabağ Ermənistanındır, nöqtə" kimi qıcıqlandırıcı, sülh proseslərinə mənfi təsir göstərən fikirlər səsləndirir. Əlbəttə, Paşinyandan bundan artıq fikir gözləmək olmaz. Onun siyasi savadı, bu mövzularda təcrübəsizliyi buna imkan vermir. Paşinyan məxməri inqilab edərkən çox böyük vədlər vermişdi və o bu vədləri yerinə yetirə bilmir, ona görə də öz vətəndaşlarını bu kimi fikirlərlə əsas istiqamətdən yayındırır. Bütün bunlara baxmayaraq cənab Prezidentimiz onun layiqli cavabını verdi: "Qarabağ xalqı yox, Dağlıq Qarabağda yaşayan ermənilər". Dövlət başçısı bir daha qətiyyətli mövqeyini bildirərək, Qarabağın əzəli Azərbaycan torpağı olduğunu dedi. Bildirdi ki, bu məsələ ancaq Azərbaycanın ərazi bütövlüyünü çərçivəsində öz həllini tapa bilər”.

A.Hüseynov qeyd edib ki, BMT-nin 4 qətnaməsi 25 ildir ki, icra olunmur: "Prezident İlham Əliyev çıxışında bu məsələyə də kəskin şəkildə reaksiya verdi. Bildirdi ki, BMT-nin öz qərarlarını bəzi ölkələrdə bir neçə günə yerinə yetirir, ancaq Azərbaycanda illərdir bu məsələ öz həllini tapmır. Bu, çox böyük bir mesaj, böyük qətiyyət tələb edən bir mövqedir. Digər tərəfdən də Paşinyanın sərsəm fikirlərinə cavab olaraq “Qarabağ Azərbaycanındır, Nida” cümləsi bəlli ünvana layiqli cavab oldu. Bütövlükdə bu görüş çox əhəmiyyətli oldu. Ermənistan medyası bununla bağlı çox narahatdır. Bu məsələrlə bağlı Putini günahlandırır, ümumiyyətlə, baş verənlərə tutarlı cavab verə bilmirlər. Bu isə doğurdan da ermənilərin, xüsusilə Paşinyanın apardığı siyasətin dalana dirəndiyini bir daha sübut etdi. Azərbaycan Republikasının Prezidentinin qətiyyəti, Azərbaycan xalqının istək və mənafeyini müdafiyə edən mövqeyi bizim hər birimizi sevindirir".

Aysel MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə