Qax, Balakən və Zaqatala rayonlarında da Xocalı soyqırımı qurbanları anılıb

Qax, Balakən və Zaqatala rayonlarında da Xocalı soyqırımı qurbanları anılıb

Sabah Azərbaycan tarixinin faciəli səhifələrındən biri - Xocalı soyqırımının 19-cu ildönümüdür. Bununla bağlı ölkəmizin hər yerində olduğu kimi Balakən-Zaqatala bölgəsində də anım tədbirləri keçirilir.

SİA-nın Şimal-Qərb bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Qax rayonunda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib. Rayon icra hakimiyyətinin başçısının və rayonun bütün idarə-müəssisə rəhbərlərinin qatıldığı anım tədbiri Qax şəhərindəki Şəhidlər xiyabanından başlayıb. Tədbir iştirakçıları qarşısında çıxış edən Qax rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev ermənilərin tarix boyu yaxın qonşuluqdan istifadə edərək xalqımızın başına açdıqları vəhşilikdən geniş danışıb. Daha sonra tədbir iştirakçıları Rayon Mədəniyyət Evində ədəbi bədii kompozisiyaya baxıb.

Balakən rayonunda da Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Xocalı şəhidlərinə hörmət və etiramlarını bildirmək üçün Şəhidlər xiyabanına gələrək ora tər-çiçək dəstələri düzüblər.

Daha sonra rayon rəhbərliyi və ictimaiyyətində qatıldığı tədbirin rəsmi hissəsi icra hakimiyyətin konfrans zalında davam edib. Rayon rəhbəri Asif Məmmədov tədbirdə çıxış edərək ermənilərin zaman-zaman xalqımızın başına açdığı müsibətlərdən danışıb: "Biz belə hadisələri nəinki unutmamalıyıq, əksinə soyqırımı hadisəsini dünya ictimaiyyətinə çatdırmalı və ermənilərin heç də yazıq bir millət olmadığını göstərməliyik".

Bədii hissədə Balakən məktəblilərinin hazırladığı "Xocalı fəryadı" kompozisiyası tədbir iştirakçılarını daha çox kövrəldib.

Xocalı faciəsi Zaqatala rayonunda da anılıb. Rayon Mədəniyyət evində keçirilən tədbirdə rayon rəhbərliyi başda olmaqla, idarə-müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri də iştirak edib. Çıxış edən natiqlər Xocalı soyqırımını təkcə Azərbaycan xalqına deyil, insanlığa qarşı bir vəhşilik olduğunu bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə