Millət vəkili: “Azərbaycanın Xocalı faciəsini unutmaması Ermənistan və erməni diasporu tərəfindən narahatlıqla qarşılanır”

Millət vəkili: “Azərbaycanın Xocalı faciəsini unutmaması Ermənistan və erməni diasporu tərəfindən narahatlıqla qarşılanır”
"Xocalı faciəsi bu gün hər bir azərbaycanlının yaddaşındadır. Hər birimiz ilin hər bir günü bu faciəni xatırlayır, o yaddaşı özümüzdən sonrakı nəsillərə verir və onun unudulmaması üçün işlər görürük". Bu sözləri millət vəkili Aydın Mirzəzadə SİA-ya açıqlamasında deyib. O bildirib ki, bu gün Xocalı faciəsində həlak olanların ruhuna ən böyük ehtiram ilk növbədə o hadisənin unudulmaması, Azərbaycanın qüdrətlənməsi, nüfuzunun artmasıdır.

Millət vəkili vurğulayıb ki, bu faciə ilk növbədə özümüz tərəfindən unudulmamalıdır: "Mən hesab etmirəm ki, nəsillər dəyişəcək, gənclər yaşlanacaq, yeni nəsil gələcək və bu faciə unudula bilər, lakin bu mümkün məsələ deyil. Çünki Azərbaycan müstəqil dövlətdir və biz öz tariximizin, mədəniyyətimizin, ədəbiyyatımızın, düşüncəmizin sahibiyik. Bu baxımdan biz heç bir zaman Xocalı faciəsini unuda bilmərik. Xocalı soyqırımını unutmaq ümumiyyətlə azərbaycanlı olduğumuzu unutmağa bərabər bir məsələdir. Artıq ildən-ilə Xocalı faciəsi dünya ölkələrində də tanınmağa başlayır. Hər il faciənin qeyd olunduğu ölkələrin sırası, buna dair tədbirlərin məzmunu və dərinliyi artır".

Bu gün Azərbaycanın Xocalı faciəsini unutmamasının Ermənistan və erməni diasporu tərəfindən narahatlıqla qarşılandığını dilə gətirən A. Mirzəzadə söyləyib ki, bir müddət əvvəl onlar bu məsələyə toxunmasalar da son illər faciənin əleyhinə kampaniya aparmağa çalışırlar.

"Lakin bu onlarda alınmayacaq. Çünki bununla bağlı kifayət qədər faktlar var. Ortada faciəni törədənlərin tarix qarşısında məsuliyyəti məsələsi var. Bu mütləq baş verəcək", - deyə millət vəkili qeyd edib.

0 Beynəlxalq təşkilatlar tərəfindən faciəyə lazımı qiymət verilməsi məsələsinə gəlincə A. Mirzəzadə bunun tədricən baş verəcəyini deyib. O bildirib ki, Azərbaycan dövləti və ölkəmizin xaricdəki səfirlikləri Xocalı soyıqırımının tanınması və qəbul edilməsi ilə bağlı işlər aparır və bu sahədə işlər durmadan davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə