Gənclərin hərtərəfli inkişafı təmin olunur

Gənclərin hərtərəfli inkişafı təmin olunur

Dövlət başçısının Sərəncamı ilə Gənclər Fonduna 4 milyon manat ayrılıb

Dövlətin həyata keçirdiyi hərtərəfli siyasətin ən vacib komponentlərindən birini də dövlət-gənclər siyasəti təşkil edir. Gənclər siyasəti, əsasən, gənclərin intellektual səviyyəsinin artırılmasını, gənclərin elmə, təhsilə yiyələnmələrinə nail olunmasını, onların azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin mənimsənilməsini və digər məsələləri özündə ehtiva edir. Azərbaycan Prezidenti İlham Əliyevin, ötən 16 il ərizində, həyata keçirdiyi gənclər siyasətinə nəzər salarkən, bunun ən vacib strateji siyasətlərdən biri olduğu diqqətdən yayınmır. Bu gün ölkəmizdə gənclər siyasətini həyata keçirmək üçün hüquqi baza mövcuddur. Dövlət başçısının gənclərlə bağlı sərəncamları, həyata keçirilən dövlət proqramları onların hərtərəfli inkişafına yönəlib. Gənclərin hərtərəfli inkişafı, təşkilatlanması, dövlət idarəetməsində və seçkili orqanlarda təmsilçiliyi, gənclərin sosial problemlərinin həllində misilsiz işlər həyata keçirilib. "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı haqqında" Sərəncamı əsasında gənclər siyasəti daha da inkişaf etdirilərək, gənclərin müxtəlif sahələrdə fəal iştirakına şərait yaratmış oldu. Gənclərə olan diqqət və gənclər siyasətinin davamı olaraq, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nın təsdiq edilməsi gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etməkdə növbəti bir addım oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncamı Azərbaycan dövlət- gənclər siyasətinin gələcək təminatının daha bir təzahürüdür. Bu sənədlər fundamental strategiya Azərbaycan gəncliyinə olan böyük etimadın və onlardan olan gözləntinin əyani göstəricisidir.Bu günlərdə isə, dövlət başçısının Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamı gənclərə olan diqqətin davamlı xarakter daşıdığının əyani təsdiqidir. Sərəncama əsasən, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 4 milyon manat ayrılıb. Bu, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət-gənclər siyasətinin tələblərinə uyğun tərzdə hərtərəfli inkişafının təmin olunması, habelə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədi daşıyır. Bu gün gənclərimiz mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya və başqa sahələrdə öz istedadlarını və qazandıqları uğurları layiqincə nümayiş etdirirlər. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar və sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin məşğulluğunun təmin edilməsinə və sosial məsələlərinin həllinə, gənclərin sahibkarlıq təşəbbüslərinin dəstəklənməsinə daim diqqət və qayğı göstərilir.Qeyd etdiyimiz kimi, indiyə qədər gənclər siyasətinə dair bir sıra proqramlar qəbul olunmuşdur. Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış, onların xaricdə təhsilinə, yardıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı, kütləvi idmanı təbliğ etməklə, sağlam gəncliyin formlaşmasına töhfə verməklə, çox geniş spektrı əhatə edib. Bu gün gənclərin hərtərəfli inkişafından söhbət gedirsə, ilk növbədə, milli ideologiyanın təbliği məsələsinə diqqət yetirilir. Azərbaycançılıq ideologiyasının təbliği yerlərdə həyata keçirilir. Keçirilən tədbirlər, dəyirmi masalar və görüşlərdə onlara vətənpərvərlik ruhu aşılanır, azərbaycançılıq ideologiyası, dövlətimizin həyata keçirdiyi hərtərəfli siyasət aşılanır.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə