Mübariz Əhmədoğlu: "Ermənistanın baş naziri Nikol Paşinyan BMT BA-da reket-jurnalist kimi çıxış etdi"

Mübariz Əhmədoğlu: "Ermənistanın baş naziri Nikol Paşinyan BMT BA-da reket-jurnalist kimi çıxış etdi"

BMT BA-da Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışına reket- jurnalistin çıxışı kimi yanaşmaq daha düzgündür". Bu fikirləri Siyasi İnnovasiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib. M.Əhmədoğlu N.Paşinyanın reallıqda reket-jurnalistika metodundan istifadə etdiyini vurğulayıb: "N.Paşinyan vəziyyəti öz məqsədi üçün modelləşdirir, müəyyən bir məqamı post- faktum qəbul edərək, iddiasını da onun üzərində qurur. Guya Azərbaycan 1990-cı il və 2016-cı illərdə uğursuz əməliyyatlar reallaşdırıb və indi onların qisasını almaq istəyir. 90-cı illərdə hərbi əməliyyatlarla bağlı kifayət qədər məlumatlar yayılıb, amma hamı unudub ki, Ermənistan sülh müqaviləsinə ona görə razılaşdı ki, Azərbaycan Ordusu uğurlu Horadiz əməliyyatı keçirdi. Atəşkəslə bağlı sənədə Dağlıq Qarabağın adının yazılması isə, o vaxt rusiyalı diplomat V.Kazimirovun aktiv iştirakı ilə baş verdi".
Politoloq onu da söyləyib ki, Paşinyan nə qədər yalan, böhtan desə də, 2016-cı ildəki hərbi əməliyyatlarla bağlı vəziyyət bütün beynəlxalq ictimaiyyətə bəllidir: "Ən azı, hərbi əməliyyatlar dövründə prezident Serj Sarkisyan Almaniyaya qaçdı və məğlubiyyətlərinin səbəbini Rusiyadan köhnə silahlar alması ilə izah etdi. N.Paşinyan da BMT tribunasında özünü eynilə "Haykakan Jamanak" qəzetinin baş redaktoru kimi apardı; özünü kimdənsə 50-100 dollar alıb, hansısa dövlət rəsmisinə qarşı yazdığı yazı əhval-ruhiyyəsində hiss etdi".
M.Əhmədoğlu Paşinyanın SSRİ-nin dağılması ilə bağlı dediklərinin də cəfəngiyyat olduğunu bildirib: "SSRİ-nin son dövrlərində ən azı, 4 dəfə, ümumilikdə, sovet respublikalarının, o cümlədən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul edib. Ən son sənəd 1991-ci ildə Belovej meşəsində Rusiya, Ukrayna və Belarus prezidentlərinin imzaladığı sənəddir. Orada keçmiş SSRİ dövlətlərinin ərazi bütövlüyü sonuncu dəfə təsdiqlənir. BMT-nin qəbul etdiyi prinsipə görə, SSRİ respublikaları Rusiyanın razılığı ilə, "uti-posidites" prinsipi əsasında BMT-yə üzv qəbul olunurlar.
SSRİ-dən çıxanda Azərbaycanın ərazi bütövlüyü artıq bəlli idi, eynilə həmin ərazilərlə də Azərbaycan BMT-yə üzv qəbul edildi: Dağlıq Qarabağ Azərbaycan Respublikasının de-yure ərazisidir. Bu, ayrı məsələdir ki, N.Paşinyan hədsiz savadsızdır, aşağı intellektlidir, şüuru böhtan kombinatorikası istiqamətindədir. Köməkçiləri ona həqiqəti deyə bilmirlər, çünki baş nazir N.Paşinyan onları qorxudub".

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə