İşğalçı Ermənistanın hədəfi uşaqlar, qocalar və qadınlardır TƏHLİL
Dünya birliyinin, beynəlxalq və humanitar təşkilatların sözügedən məsələdə daha kəskin reaksiya göstərməsi aktuallaşmalı, tələblər irəli sürülməlidir!
İşğalçı Ermənistan ordusunun Azərbaycanla sərhədyanı bölgələrdə davamlı olaraq atəşkəs rejimini pozmaları, hətta ətraf kənd və qəsəbələrdə yaşayan mülki şəxsləri hədəfə almaları faktları mütəmadi xarakter alıb. Düzdür, Azərbaycanın Silahlı Qüvvələri, eləcə də təcavüzkar ölkə ilə həmsərhəd bölgələrdə yerləşdirilmiş Dövlət Sərhəd Xidmətinin sərhədçiləri düşmənin cəhdlərinin qarşısını dərhal alır, cavab atəşləri ilə qarşı tərəfi susmağa məcbur edir. Lakin Ermənistan hakimiyyətinin, bu ölkənin rəhbərliyinin müxtəlif tribunalardan səsləndirdikləri anti sülh bəyanatları artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, onlar bənzər hadisələrin yaşanmasında maraqlıdırlar.
Mülki şəxslərimiz arasında qadınlar, uşaqlar, qocalar da düşmən gülləsinin hədəflərinə çevrilərək, həyatlarını itirirlər
Bu arada, bir neçə gün əvvəl, 2019-cu ilin 2 oktyabr tarixində Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribatı qeydə alınıb. Belə ki, Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskovator düşmən tərəfindən atəşə tutulub. Nəticədə ekskovatorun sürücüsü, mülki şəxs Abışov Səfərəli Ələkbər oğlu güllə yarası alıb. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilməklə yaralının təcili təxliyəsi təmin olunsa da, mülki şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Buna oxşar olaylar bu ilin 12 yanvar və 21 sentyabr tarixlərində də baş verib və həmin vaxtlarda da mülki işlərlə məşğul olan texnikalarımız iriçaplı pulemyotlardan atəşə tutulub. Lakin hər iki olayda atəşkəs rejiminin pozulması faktı xoşbəxtlikdən itkisiz ötüşüb.
Təəssüf ki, bu kimi hadisələr davamlı xarakter almaqla yanaşı, mülki şəxslərimiz arasında qadınlar, uşaqlar, qocalar da düşmən gülləsinin hədəflərinə çevrilərək, həyatlarını itirirlər. Bu baxımdan, bir sıra faktları yenidən xatırlatmağa ehtiyac var.
Faktlar nə deyir...
2011-ci il martın 8-də Ağdamın işğal olunmuş Şıxlar kəndi istiqamətində erməni snayperinin atəş açması nəticəsində, Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlov həyatını itirib. 2016-cı ildə Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində düşmənə məxsus partlayıcı qurğunun işə düşməsi nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır xəsarət alıb. Araşdırmalar zamanı məlum olub ki, partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağı ermənilər tərəfindən Əlibəyli kəndinə daxil olan Tovuz çayına buraxılıb. Həmin ərazidə oynayan Cəfərov Elsəvər Həsən oğlu və Şahmalıyeva Aygün Zirəddin qızı oyuncağı taparaq, Cəfərov Həsənin evinə gətiriblər. Evdə oynayan zaman Aygün Şahmalıyeva oyuncağı masanın üstünə vurub və nəticədə partlayış baş verib.
2016-cı il iyulun 14-də erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində isə, Tovuzun Ermənistanla təmas xətində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayeva, onun 8 yaşlı qardaşı Tuncay və 44 yaşlı Durdanə Nağıyeva ağır yaralanıblar. Yenə də 2016-cı il aprelin 4-də Ağdam rayonun Sarıcalı kəndinə ermənilərin ağır artilleriyadan açdığı atəşlər nəticəsində 3 mülki şəxs həlak olub, 5 yerli sakin yaralanıb. Həmçinin, işğalçı qüvvələr təmas xəttində yerləşən məktəblərə, infrastruktur obyektlərinə, mülki əhaliyə ciddi ziyan vurublar.
2016-cı il aprelin 4-də düşmən Ağdam rayonunun Əhmədağalı kəndinə mərmi atıb. Nəticədə Dadaşov Qaraş Şahlar oğlu həlak olub, onun otardığı qoyunlar isə tələf olub. 2016-cı il aprelin 4-ü axşam saatlarında ermənilər Ağdamın cəbhə xəttindən xeyli uzaqda yerləşən Üçoğlan kəndini reaktiv artilleriyadan və toplardan atəşə tutublar. Kənd sakinlərindən Bəxtiyar İbrahimovun evi tamamilə yanıb. Bəylər Əkbərov və Ədalət Məhərrəmovun isə evlərinin dam örtüyü və həyətlərindəki tikililər dağılıb. Hadisə nəticəsində Ədalət Məhərrəmovun bacısı qızı, 16 yaşlı Pakizə Məhərrəmli baş nahiyəsindən yaralanıb.
2017-ci il iyul ayının 4-də Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
Ümumiyyətlə, belə hadisələrin sayı yüzlərlə, hətta minlərlədir. Ermənistanın işğalçılıq siyasətinin ötən əsrin əvvəllərindən başlaması da faktır. Bu qalı siyasət 1988-ci ildən başlayaraq, hazırkı dövrümüzə qədər davam etdirilir. Misal üçün, hələ 1988-ci ildə azərbaycanlılar Ermənistan SSR-dəki doğma yurd yerlərindən zorla qovulan zaman 216 soydaşımız qətlə yetirilib ki, onların da 23-ü uşaqdır. Ancaq şahidlər öldürülən uşaqların sayının daha çox olduğunu deyirlər. 1988-ci il dekabrın 5-də ermənilər Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq, hər iki tərəfini qaynaq ediblər. Borunu hündür uçurumdan dərəyə ataraq, fidanları qətlə yetiriblər. Həmin ilin noyabrında Quqarkda (Qarakilsə-Pəmbək mahalı) 70-ə yaxın 5-12 yaşlarındakı uşaqları yenə boruya dolduraraq, hər iki tərəfini bağlayıblarmış. Qətliamın üstü yalnız 1988-ci ilin dekabrında baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər açıblar. 1989-cu ildə Kərkicahanda 9 yaşlı Nicat və 11 yaşlı Nadir İbrahimov ermənilər tərəfindən güllələnib. Xocalıda öldürülən 613 nəfərdən 63-ü uşaq idi.
Onu da xüsusilə xatırlatmaq yerinə düşərdi ki, bu gün Ermənistan regionda və dünyada ən monoetnik ölkə kimi qeydə alınıb. Belə ki, işğalçı ölkədə yaşayan etnik azlıqlar demək olar ki, orada yaşaya bilmirlər, kütləvi və mütəmadi diskriminasiyalara uğrayırlar. Əbəs deyil ki, artıq orada yaşayan yeganə milli azlıq kimi yezidi kürdlərə qarşı da eyni siyasət tətbiq olunur. Bütün bunlar isə sübut edir ki, Ermənistanda kimlərin hakimiyyətdə olmalarından asılı olmayaraq, bu ölkədə ultra-radikal millətçilik toxumları kök salıb və daha böyük fəlakətlərə doğru istiqamət alıb. Bu baxımdan, dünya birliyinin, beynəlxalq və humanitar təşkilatların sözügedən məsələdə daha kəskin reaksiya göstərməsi aktuallaşmalı, tələblər irəli sürülməlidir. Çünki erməni terroru tarixlər boyu olub və demək olar ki, dünyanın bir çox nöqtələrində öz qanlı-qadalı sözünü deyib.
Bəhruz QULİYEV,
“SƏS” qəzetinin baş redaktoru,
Fəlsəfə üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB