Şirvanda 2010-cu ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov məlumat verib ki, 2010-cu ildə də Şirvan şəhərinin sosial-iqtisadi inkişafında mühüm nəticələr əldə edilmiş, bir sıra məhsul növlərinin istehsalı sahəsində əsaslı dönüş yaradılıb. Nəticədə ümumi məhsul buraxılışı artmış, əhalinin sosial rifah halı daha da yaxşılaşıb.
Belə ki, 2010-cu ildə iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin həcmi əvvəlki ilə nisbətən 36,9% artaraq 302,9 milyon manat təşkil edib. Ümumi məhsul buraxılışında xüsusi çəkiyə malik olan sənaye sahələrində 234,0 milyon manat həcmində məhsul istehsal edilib.
2010-cu ildə yerinə yetirilmiş tikinti və quraşdırma işlərinin həcmi 2009-cu illə müqayisədə 44% artaraq 7,7 milyon manata çatdırılıb. Qeyd olunan dövrdə əhalinin şəxsi vəsaiti hesabına 1,2 milyon manat həcmində tikinti işləri aparılmışdır ki, bu da 2009-cu illə müqayisədə 121 min manat çoxdur.
Rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 729,8 min manat həcmində rabitə xidməti göstəriblər.
Hesabat ilində əhalinin rifah halı yaxşılaşmış, pul gəlirləri 42,9 milyon manat, adambaşına düşən pul gəlirləri isə 544 manat təşkil edib. Əhalinin pul gəlirləri 2009-cu illə müqayisədə 7,8 milyon manat, adambaşına düşən pul gəlirləri isə 94 manat artıb.
Şirvan şəhər büdcəsinin 2010-cu il üçün təsdiq edilmiş mədaxil üzrə proqnozu 7,9 milyon manata qarşı 8,0 milyon manat həcmində icra edilmiş, mədaxil üzrə proqnoza 100,9% əməl olunmaqla büdcəyə əlavə olaraq 2009-cu ilə nisbətən 830,7 min manat çox vəsait mədaxil edilmişdir deyən şəhər rəhbəri qarşıda duran vəzifələrdən, həlli vacib olan məsələlərdən geniş bəhs edərək fəaliyyətində nöqsanlara yol vermiş təşkilat rəhbərlərinə ciddi xəbərdarlıq edib.
Tədbirdə Prezident Administrasiyasının məsul işçisi Rəhim Məmmədov iştirak edib. Sonda Ölkə Prezidentinə Şirvan ictimaiyyəti adından müraciət qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB