Səməd Seyidov: “AŞPA Daimi Komitəsinin Parisdə keçiriləcək iclasında Azərbaycanla bağlı məsələnin müzakirəsi gözlənilmir”

Səməd Seyidov: “AŞPA Daimi Komitəsinin Parisdə keçiriləcək iclasında Azərbaycanla bağlı məsələnin müzakirəsi gözlənilmir”
"AŞPA həmməruzəçiləri bu yaxınlarda Azərbaycanda səfərdə olublar və onların səfərinin əsas məqsədi Azərbaycanla bağlı məlumatları toplayıb Avropa Şurasının Monitorinq Komitəsinə çatdırmaqdır. Ona görə də martın 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin Parisdə keçiriləcək iclasında Azərbaycanla bağlı məsələnin müzakirəsi gözlənilmir". SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib. O bildirib ki, Monitorinq Komitəsi müntəzəm olaraq məruzəçilərin Azərbaycan haqqında məlumatlarını dinləyəcək və böyük ehtimalla gələn il Azərbaycanla bağlı məruzənin üzə çıxması realdır. Onun sözlərinə görə, ancaq aprel sessiyasında və yaxud bu yaxınlarda Parisdə olacaq Daimi Komitənin iclasında Azərbaycana dair hər hansı məsələ müzakirə olunmayacaq: "Bu o demək deyil ki, biz Azərbaycanın ən ağrılı məsələsi olan Dağlıq Qarabağ məsələsini həmin iclasda qaldırmayacağıq. Bütün iclaslarda, siyasi qruplarda Azərbaycanla bağlı məsələni çox ciddi şəkildə qaldırırıq. Nəzərə alsaq ki, Dağlıq Qarabağla bağlı alt komitənin işi bərpa edilib, bu istiqamətdə hazırlıq işlərini görəcəyik ki, aprel sessiyasında lazım olan iş planını, öz mövqeyimizi alt komitənin rəhbərinə təqdim edək və işmizi yüksək səviyyədə təşkil edək".

Azərbaycan üzrə xüsusi nümayəndənin səfərinə münasibət bildirən S.Seyidov vurğulayıb ki, Azərbaycan üzrə hansısa konkret tarixlər müəyyən olunmayıb: "Ona görə də böyük ehtimalla gərək aprel sessiyasını gözləyək. Hər bir halda Avropa Şurasında əməkdaşlıq etmək bizim üçün çox vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə