"Ölkədə demoqrafik vəziyyət sosial rifahın inkişafı ilə bağlıdır" ÖZƏL-MÜNASİBƏT

"Ölkədə demoqrafik vəziyyət sosial rifahın inkişafı ilə bağlıdır" ÖZƏL-MÜNASİBƏT

"Ölkəmizdə əhalinin sayı dinamik olaraq artmaqdadır. Bu, bütövlükdə milli strateji maraqlar kontekstində mühüm bir hadisədir. Çünki hazırda dünyada, o cümlədən qonşu ölkələrdə demoqrafik problemlər var". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.

Deputatın sözlərinə görə, qloballaşma əhalinin sayının artmasına mənfi təsir göstərməklə yanaşı, həm də miqrasiyaya yol açır: "Beləliklə əhalinin sayı azalır və nəticə etibarilə iqtisadi inkişafı təmin edə biləcək əmək resursları məhdudlaşmış olur. Bu isə milli inkişafın perspektivlərinə həm iqtisadi, həm də strateji müstəvidə mənfi təsir göstərir. Ancaq ölkəmizdə əhalinin say artımı stabil və dinamikdir. Yəni hər il stabil olaraq əhali artmaqdadır və bu ilk növbədə Azərbaycanda mövcud olan iqtisadi inkişaf və sosial siyasətlə bağlıdır. Çünki rifah olmayan ölkədə əhali artımını təmin etmək mümkün deyil. Ona görə də Azərbaycan Prezidenti, cənab İlham Əliyev haqlı olaraq əhali artımını məhz bu faktorla izah edərək bildirdi ki, ölkədə demoqrafik vəziyyət normaldır. Bu isə sosial rifahın inkişafı ilə bağlıdır. Bildiyiniz kimi, müasir dövrdə gənclər ailə həyatı qurarkən ailə planlaşdırılması aparırlar. Burada da əsasən ailə büdcəsi və ailə planlaşdırılması düz mütənasiblik təşkil edir. Yəni dünyaya gələcək uşaqlar ailə büdcəsi nəzərə alınmaqla planlaşdırılır. Düşünürəm ki, demoqrafik vəziyyətin yaxşı olması ölkəmizdə müşahidə olan iqtisadi inkişaf və həyata keçirilən sosial siyasətlə bağlıdır ki bu da, millətimizin gələcək inkişafını şərtləndirir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə