“1993-cü ildən inkişaf və sabitlik yolunda əzmlə, səbrlə, qətiyyətlə addımlayan müstəqil Azərbaycan 2003-cü ilin oktyabrından, o cümlədən, ötən ilin prezident seçkilərindən, 2019-cu ilin ilk günlərindən bu yana özünün əsl inkişaf və islahatlar mərhələsini yaşamaqdadır”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.
O bildirib ki, 1993-cü ildən Ulu Öndərin ikinci dəfə hakimiyyəti gəlişi ilə sabitlik, dinclik (Qarabağ problemini və onun yaratdığı fəsadları çıxmaq şərti ilə) və inkişaf mərhələsinə daxil olan ölkəmiz qısa zamanda aparıcı dünya ölkələrinin belə on illərlə keçdiyi bir mərhələni keçməyə müvəffəq oldu. Ölkəmiz qısa zaman kəsiyində dünya dövlətləri arasında öz yerini tutmağa, nüfuz, söz sahibi olmağı gerçəkliyə çevirə bildi.
Deputatın sözlərinə görə, ötən əsrin 90-ci illərinin əvvəllərinin zəif, gücsüz Azərbaycanını güclü, qüdrətli, inkişaf yolunda qətiyyətlə irəliləyən Azərbaycan əvəzlədi.
Bu gün Azərbaycanın iştirakı, rəyi və razılığı olmadan bu bölgədə, bu coğrafiyada heç bir transmilli, qlobal və regional layihə həyata keçirilmədiyini xatırladan K. Əliyeva qeyd edib ki, işğalçılıq və təcavüzkarlıq siyasətinə görə, məhz Azərbaycanın iradəsi və rəyi ilə Ermənistan bütün layihələrdən kənarda saxlanılır: Başqa cür də ola bilməz. Bu bölgədə artıq Azərbaycan söz və nüfuz sahibidir. Azərbaycan nə deyirsə, o olur və bundan sonra da məhz belə olacaq. Azərbaycanın adının son hesabatda 20 ən islahatçı ölkə sırasına daxil edilməsi də bunun daha bir təsdiqi və nümunəsidir. Bu, onu göstərir və deməyə əsas verir ki, Azərbaycan çox qısa zaman ərzində, növbəti illərdə daha ön pillələrdə yer alacaq, bərqərar olacaq. Sürətli inkişaf, islahatlar prosesinin geridönməz xarakter alması Azərbaycanı ilklər cərgəsinə və sırasına çıxaracaq. Bu yolda da ölkəmizə, dövlətimizə uğurlar olsun”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB