Tərəflər arasında həqarət və təhdidlər artır
“Hüquq müdafiəçiləri” Aslan İsmayılovla, Avropada yaşayan Qurban Məmmədov arasındakı qarşıdurma şiddətlənməkdə davam edir. Belə ki, artıq söz savaşı və ittihamlar ağır təhqirlərlə əvəzlənməkdədir. Maraqlıdır ki, hətta A.İsmayılovun
Q.Məmmədovun rəhbəri olduğu “Azerifreedom” internet kanalının canlı yayımına çıxıb və sonradan nümayişkəranə şəkildə canlı yayımı tərk edib. Onu da xatırladaq ki, qarşıdurmanın əsasında hüquqşünasın 1993-cü ildə Azərbaycan parlamentində etdiyi çıxışın videosunu paylaşması dayanır. Məhz bundan sonra onun Q.Məmmədovla qarşıdurması yaşanır. Bu arada, onların arasında olan vatsapdakı səs yazısı yayılıb. Həmin yazı bir çox mətləblərin üstünü çılpaqlığı ilə açır.
Aslan İsmayılov: “Ailəni, övladlarını necə söydürdün”
A.İsmayılovun Qurban Məmmədova atdığı səs yazısının mətni: “Qurban, sənə sonuncu dəfə deyirəm, məndən uzaq ol. Oyunlarını get, özün oyun yoldaşlarınla oyna. Onu-bunu ömrü boyu şantaj etmisən, məni edə bilməzsən. Mən evində olub, düz-çörək kəsdiyimə görə bildiklərimi demirəm. Sənin haqqında biləsən, həddindən artıq çox bilirəm. Ona görə özünü yığışdır, get Rəhimləri, Surətləri, Əlikramları, bu vətən xainlərini qəhrəman et və tarixə də bu cür düş. Sən heç olmasa yaşına-başına abır-həya et. Ailəni, övladlarını necə söydürdün? Bundan utan, heç olmasa”.
Quran Məmmədov: “Sənin kimi adamlar cəmiyyət üçün daha təhlükəlidir, nəinki açıq düşmənçilik edənlər”
Q.Məmmədovun A.İsmayılova cavabı: “Əziz dostum və qardaşım Aslan bəy, hörmətli Aslan İsmayılov, mən səndən uzaq idim və sən özün zorla mənə yaxınlaşdın. Zorla məni məcbur etdin ki, sənin haqqında danışım və bundan sonra da danışacam. Ürəyin istəyən şəkildə haqqımda nə bilirsənsə, de. Oldumu? Sən özün nə işlə məşğul olduğunu çox gözəl bilirsən. Sənin haqqında mənə gələn məlumatları ümumiləşdirib, zaman-zaman xalqa təqdim edəcəm. Çünki sənin kimi adamlar cəmiyyət üçün daha təhlükəlidir, nəinki açıq düşmənçilik edənlər. Səni xalq savadlı, prinsipal hüquqşünas, doğru-dürüst mövqeyi olan insan kimi tanıyır. Bu cəmiyyətə özünü belə tanıtdırmısan. Amma indi aydın olur ki, sən əslində göründüyün kimi deyilsən. Sənin çox çirkin niyyətlərin var. Ona buna böhtan atmaqla, şantaj etməklə, hədə-qorxu gəlməklə uzaq getmək olmaz. Özünü düzəlt. Mən düz-çörək kəsən adam kimi işarə vurdum, səni başa saldım. Sən mənə efirdə deyirsən ki, mənə məsləhət vermək qabiliyyətində deyilsən. Nə deyirsən de, əcəb edirsən. Amma sən çox zərərli hərəkətlər edirsən. Sənin bu gün tutduğun mövqe xalqımızın və dövlətimizin əleyhinədir. Bunu biləsən. Kimlərinsə əli ilə Elvin İsayevə təzyiq etməklə sübut edirsən ki, sən kimsən. Mənə hədə-qorxu gəlib eləmə. Bir şeyi bilməlisən ki, başqası haqqında danışanda cavabını alacaqsan. Ataların bir gözəl misalı var, “söymə dədəmi, söyməyim xan dədəni”. Burada səninlə şəxsi münasibət aparmıram. Görəndəki sən bütün xətləri aşıb, başlamısan açıq şəkildə xalqın mənafelərinin əleyhinə çıxış etməyə, sənə bildiyimi edəcəm, buna qətiyyən şübhən olmasın. Bildiyini danış, danışmasan namərdsən. Rusiyada məhkəmə sədri işləyə-işləyə o boyda işini atıb Azərbaycana niyə, nə məqsədlə qayıtdığını, kimlərinsə vasitəsilə gəlib, qısa müddətdə Prezident Aparatına qədər getdiyini araşdıracağam. Sənin bütün əlaqələrini müəyyənləşdirəcəm. Azərbaycanda xalqın azadlığı uğrunda mübarizə aparan adamlar kənarda qala-qala sən Rusiyada işini atıb, ölkəyə niyə gəlmişdin? Sən döyüşdə filan olmamısan. Bunları araşdıracam, buna sən özün məni məcbur etdin. Mən sənin bütün davranışlarından şübhələnmişəm, özü də uzun müddətdir. Fikirləşdim ki, bəlkə düzələsən. Görünür, səni kimlərsə buna məcbur edir, iradən öz əlində deyil. Yalandan efirdə basıb bağlamaqla deyil ki, özün haqqında uydurma imic yaradasan. Sənin hərəkətlərin kimliyin haqqında kifayət qədər məlumat verir, danışır”.
Aslan İsmayılov: “Sən anadangəlmə şantajçı, böhtançısan”
A.İsmayılov isə bu davam etdir: “Qurban, sənə dedim ki, bildiyini elə. Öz içdiyin suya məni bağlama. Vaxt gələcək hər şey üzə çıxacaq. Haradan su içirsən, bəlli olacaq, kimlərlə birlikdə su içdiyin. Qurban, sən kişilik, abır-həya başa düşsən, o gözəl həyat yoldaşını və qızlarını o cür söydürməzdin. Sən heç nə başa düşmürsən. Ona görə ki, səndə müqəddəs heç nə yoxdur. Allah qorxusu yoxdur. Sən anadangəlmə şantajçı, böhtançısan. Əlindən gələni iki qaba çək. Səninlə çox söz güləşdirməyəcəm. Amma məqamı gələndə sənin kim olduğunu hamı görəcək. Mənim nəsə eləməyimə heç ehtiyac olmayacaq. Ona görə deyirəm ki, özün cəhənnəm, adını qazanmısan, bütün ölkə bilir. O balalarına yazığın gəlsin. Bu, sənə məsləhətimdir”.
Qurban Məmmədov: “Tarix kimin-kim olduğunu göstərəcək, kimin yaramaz, şərəfsiz, satqın, oyunçu olduğunu”
Q.Məmmədov: “Narahatçılıq keçirdiyinə görə təşəkkür edirəm. Bunu biləsən, ailəmi söyənlər var ki, zamanı gələndə bir-bir cavab verəcəklər, paylarını alacaqlar. Sənə məsləhətim odur ki, özünü yaxşı apar. Ya olduğun kimi görün, ya da göründüyün kimi ol. Oldumu?”
A.İsmayılov: “Qurban, bundan sonra sənin heç bir yazına, çıxışına cavab verən deyiləm. Abrımı qoruyanam. Amma bil ki, ilahi ədalət var. Sənin kimilər mənim üçün heç nədir. Mənə etdiyin pisliklərə, yalanlara, böhtanlara baxmayaraq, sənə də kinim yoxdur. Ümumiyyətlə, dünyada heç kimə kinim yoxdur. Bir devizim var, xoşbəxt olmaq istəyirsənsə, içini təmiz saxla, yaradan sənə kömək olacaqdır. Bundan sonra nə bilirsənsə, onu da et. Mənə ağıl vermək sənin kimilərin işini deyil. Tarix kimin-kim olduğunu göstərəcək, kimin yaramaz, şərəfsiz, satqın, oyunçu olduğunu”.
Göründüyü kimi, bu şəxslərin əslində heç biri dövlət, xalq maraqları üçün xidmət göstərməyiblər. Əksinə, onlar bir-birlərinin paxırlarını açıb, hakimiyyətə işləmək ittihamlarını irəli sürməklə, digər qaranlıq məqamlarını da ifşa etmiş olurlar. Özlərini gah müxalifətçi, gah da müxalifət işində müxalifətçi obrazına salıb, min-bir oyunlar oynayan ünsürlər əslində kim olduqlarını sübut edirlər. Daha dəqiq desək, bir-birlərini ittiham etdikcə, hansı yuvanın quşu olduqlarını özləri etiraf edirlər. Hər halda, yuxarıdakı faktlar da bu cür deməyə əsas verir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB