Namiq Əliyev: “Gürcü alimlərinin də Xocalı soyqırımı ilə bağlı kifayət qədər məlumatları var" - AÇIQLAMA

Namiq Əliyev: “Gürcü alimlərinin də Xocalı soyqırımı ilə bağlı kifayət qədər məlumatları var" - AÇIQLAMA
Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Marneuli şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov Xocalı faciəsi barədə məlumat verdikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə ətraflı məlumat verib. Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilməyə başladığını qeyd edən diplomat hazırda bu işin uğurla davam etdirildiyini vurğulayıb. Səfir N.Əliyev azərbaycanlıların məskunlaşdığı digər ölkələrdə olduğu kimi Gürcüstanda da hər il Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edildiyini, ermənilərin Xocalıda törətdikləri insanlığa qarşı cinayətin soyqırımı olaraq tanıdılması üçün tədbirlərin keçirildiyini, xüsusi məlumatlandırıcı vasitələrin hazırlandığını bildirib: "Gürcü alimlərinin də Xocalı soyqırımı ilə bağlı kifayət qədər məlumatları var və onlar bu məsələ ilə əlaqədar öz fikirlərini ictimaiyyətə çatdırırlar. Bu gün sağlam qüvvələr birləşib ermənilərin yeritdiyi təcavüzkar siyasətə qarşı öz qəti münasibətini göstərməlidirlər", - deyə səfir çıxışında vurğulayıb.

Gürcüstan parlamentinin deputatı Azər Suleymanov Xocalı soyqırımının Gürcüstan Parlamentində gündəmə gətirilməsinə çalışdıqlarını qeyd edərək gənclərin bu istiqamətdə fəallığını çox vacib adlandırıb. Kvemo-Kartli qubernatorunun müavini, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov ermənilərin işğalçı siyasətinə baxmayaraq Azərbaycan öz müstəqilliyini qoruyub saxladığını və inkişaf etmiş bir ölkəyə çevrildiyini, Ermənistanın isə hələ də müstəqilliyinə qovuşa bilmədiyini söyləyib.

Cənubi Qafqaz Araşdırmalar İnstitutunun direktor müavini, "Mir" telekanalının Gürcüstan nümayəndəliyinin rəhbəri Badri Naçkebiya "Mir" kanalı olaraq Xocalı həqiqətlərini dünyaya çatdırmaqdayıq, bu ildə həmçinin həmin telekanalda bu dəhşətli qətliama həsr olunmuş proqramlar silsiləsi yayımlanacaq" deyə bildirib. O bu kimi tədbirlərin Gürcüstanın bütün regionlarında keçirilməsinin və gürcü xalqının da bu hadisələrdən məlumatlı olmasının vacibliyini qeyd edib.

Gürcüstanın sosial-siyasi araşdırmalar mərkəzinin rəhbəri, professor Levan Metreveli Xocalı soyqırımının tək azərbaycanlılara deyil, bütün bəşəriyyətə qarşı yönəldiyini deyərək faciə ilə bağlı təbliğatın daha da gücləndirilməli olduğunu qeyd edib. O vurğulayıb ki, bu hadisə bütün azərbaycan xalqının ürəyində əbədi olaraq qalacaq, bu qan yaddaşıdır. Tədbirdə gənclər adından çıxış edən Ləman Məmmədova faciə qurbanlarına rəhmət diləyib, şəhid Çingiz Mustafayevi də yad edərək onun gənclərə bu faciənin video görüntülərinin çatdırmasının əhəmiyyətini vurğulayıb: "Çox inanıram ki, bu haqsızlıqlar ədalətli şəkildə cavablandırılacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq və torpaqlarımız qaytarılacaqdır. Bunun üçün biz gənclər əlimizdən gələni etməliyik", - deyə L.Məmmədova bildirib.

Daha sonra Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi dərnəyinin dinləyiciləri şəhidlər və Qarabağ qəhrəmanları haqqında çıxışlar ediblər. Tədbirin sonunda görüş iştirakçıları adından Xocalı soyqırımı ilə bağlı bir neçə dildə bəyanatın hazırlanması və onun beynəlxalq təşkilatlara göndərilməsinə dair qərar qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə