Macarıstanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışı olub. SİA-nın xəbərinə görə, açılış mərasimində xarici işlər nazirinin müavini Xələf Xələfov, Macarıstanın xarici işlər üzrə dövlət katibi Jolt Nemet, Avropa Parlamentinin vitse-prezidenti Laslo Törkiş, xarici ölkələrin respublikamızdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak edibər.
Macarıstanın xarici işlər üzrə dövlət katibi Jolt Nemet bildirib ki, ölkələrimiz arasında münasibətlərin tarixi hələ VII-VIII əsrlərə təsadüf edir. Sovetlər dövründə macar tələbələri Azərbaycan Dövlət Neft Akademiyasında təhsil almış, əczaçılıq və digər sahələrdə əməkdaşlıq davam etmişdir. Müstəqillik bərpa edildikdən sonra isə NABUCCO, AGRİ kimi layihələr ölkələrimizi daha da yaxınlaşdırıb.
J.Nemet qeyd edib ki, 2011-ci ilin ilk 6 ayında Macarıstan Avropa İttifaqına sədrlik edəcək: "Bu müddət ərzində Macarıstan Azərbaycanın Avropa məkanında layiqli yer tutması üçün əlindən gələni edəcək. Avropa İttifaqı Azərbaycanla Şərq tərəfdaşlığı proqramı çərçivəsində sıx əməkdaşlıq edir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı, eləcə də viza məsələsinin sadələşdirilməsi üçün gözəl imkan yaranıb".
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan hökuməti adından ölkəmizdə Macarıstan səfirliyinin rəsmi açılışı münasibətilə təbriklərini çatdırıb. O, bildirib ki, hər iki ölkədə fəaliyyət göstərən səfirliklər dövlətlərimiz arasında dostluq münasibətlərini daha da inkişaf etdirəcəklər. Nazir müavini ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminində etibarlı tərəfdaş olduğunu da diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB