Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb
Prezident İlham Əliyev: «Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır»
Son illərdə həyata keçirilən hərtərəfli yenilənmə, sistemli və kompleks tədbirlər nəticəsində, sürətlə inkişaf edən paytaxt Bakı müasir meqapolisə çevrilib. İri iqtisadi və inzibati mərkəz olan, Avropa və dünya miqyaslı bir sıra mötəbər tədbirlərə ev sahibliyi edən Bakı şəhərinin bugünkü simasına uyğun olaraq, paytaxtın nəqliyyat sisteminin və infrastrukturunun inkişafı, sərnişindaşıma xidmətinin müasir tələblərə uyğun təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilib və hazırda da bu işlər davam etdirilir.
Bu gün paytaxtın yollarına yeni səkilər salınıb, görmə əngəlli vətəndaşların hərəkəti üçün şərait yaradılıb. Hökumət Evinin arxasında pilot layihə kimi velosiped yolunun salınması nəzərdə tutulur. Yolun 100 metrlik hissəsi artıq hazırdır. İndi velosiped yolunun örtüyü ilə bağlı təcrübələr aparılır. Bu yolun salınmasında, əsasən, yerli materiallardan istifadə edilir. Bakı şəhərində, ümumilikdə, 18,5 kilometrlik, ilk mərhələdə isə 7,5 kilometrlik velosiped yolunun salınması nəzərdə tutulur. Şəhərdə parklanma ilə əlaqədar ilkin mərhələdə 600-dək yer müəyyənləşdirilib. İndi bu istiqamətdə infrastruktur işləri görülür.
Paytaxtın avtobus parkının yenilənməsi məqsədilə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 300 yeni avtobus sifariş olunub. Avtobuslardan 168-i, artıq Bakı Nəqliyyat Agentliyinə təhvil verilib. Oktyabrın sonunda avtobusların sayı 200-ə çatdırılacaq. Ümumilikdə, bütün avtobusların ilin sonunadək təhvil verilməsi planlaşdırılır.
İctimai nəqliyyatdakı müsbət dəyişikliklərə nəzər yetirsək, hər ötən il infrastrukturun yeniləndiyini, sərnişinlərin ixtiyarına daha rahat, iritutumlu avtobusların verildiyini görərik. Həyata keçirilən uğurlu islahatların sayəsində, həmçinin, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər istehsalat bazalarını, avtobus parklarını yeniləyir, daha keyfiyyətli və rahat sərnişindaşıma xidməti göstərirlər.
Prezident İlham Əliyevin tapşırığına əsasən, ölkədə, xüsusən də, paytaxtda nəqliyyat parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə, bir sıra layihələr icra olunub. Bu layihələrdən biri də ictimai nəqliyyat sistemində yenilik olan nəqliyyat-mübadilə mərkəzlərinin - HUB-ların yaradılmasıdır. Bu layihədə əsas məqsəd sərnişinlərin rahat gediş-gəlişinin təmin edilməsi, şəhərdə nəqliyyatın mobilliyinə nail olunması, Bakının mərkəzi hissəsində nəqliyyat sıxlığının aradan qaldırılmasıdır. Bu layihənin icrası vətəndaşların rahatlığını təmin etməklə yanaşı, sərnişindaşımada təhlükəsizlik baxımından da, mühüm rola malikdir. Sentyabrın 25-də fəaliyyətə başlayan Bakı Nəqliyyat Agentliyinin "Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi də bu layihənin uğurlarından biridir.
Prezident İlham Əliyev və Birinci Xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan mərkəzdə sərnişinlər üçün yüksək şərait yaradılıb. Qeyd edək ki, bu mərkəz ilk HUB kimi hələ 2016-cı ildə yaradılıb. Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də, metronun "Koroğlu” stansiyasının yaxınlığındakı, mərkəz pilot layihə olaraq, əvvəlcə yüngül konstruksiyalardan hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar mərkəz bu il əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb. Bakı şəhərinin əsas giriş-çıxış ərazilərində 5 böyük HUB təşkil edilib, şəhər və qəsəbələrdə isə 6 kiçik HUB-un yaradılması planlaşdırılır.
Prezident İlham Əliyev layihəni dəyərləndirərkən, vurğulayıb ki, dövlət, məhz bu sahəyə böyük diqqət göstərir. Çünki vətəndaşların rahatlığı hər şeydən üstündür. Ona görə ən müasir avtobuslar alınır, nəqliyyatla və təhlükəsizliklə bağlı çox ciddi tədbirlər görülür: "Biz bu parkı, mənim təşəbbüsümlə, bir neçə il bundan əvvəl yaratmışıq. İndi bura gözəl bir istirahət zonasıdır. Bu da, parka bitişik olan bir yerdir. Burada gözəl şərait var. Biz böyük bir ərazini ictimai yerə çevirdik. Çünki bəzi fikirlər var idi ki, burada tikinti aparılsın, binalar tikilsin. Mən icazə vermədim, dedim ki, bura vətəndaşların rahatlığı üçün ictimai zona olmalıdır. İndi bura böyük ərazidir. Şəhərin mərkəzində yeni gözəl istirahət və nəqliyyat mərkəzi yaradılıb...Bu işləri davam etdirin. Şəhərimizin hər bir yerində ən yüksək səviyyəli nəqliyyat şəraiti yaradılmalıdır”.
"Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istər yol hərəkətinin təşkilinə, istərsə də sərnişindaşıma sahəsinə müsbət töhfə verəcək. Bu mərkəz şəhərdaxili və şəhərlərarası avtobuslar, metro və dəmir yolu nəqliyyatı kimi ictimai nəqliyyat növlərini birləşdirən və onların arasında daşımaları asanlaşdıran nəqliyyat infrastrukturudur. HUB konsepsiyası, əsasən, şəhərətrafı ərazilərdən şəhər mərkəzinə gələn avtobusların hərəkətinin mərkəzləşdirilmiş şəkildə təşkilində, həmçinin, sərnişindaşımada səmərəli idarəetmənin və nəzarət mexanizminin gücləndirilməsində mühüm rol oynayır.
Burada dörd platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlığı, havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahələrində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb. Gözləmə zalları ilə yanaşı, mərkəzdə 5 köşk, 1 idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilib. Zallar içməli su ilə də təmin olunub. Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edəcək. Ümumilikdə isə, gün ərzində Bakı şəhərində 2,2 milyon sərnişin daşınır. Burada hər bir marşrut xətti üzrə avtobuslar üçün dayanacaq yeri müəyyən edilib və məlumatlandırıcı lövhələr yerləşdirilib.
Bir sözlə, bu gün dövlət başçısının bu istiqamətdəki tapşırıqları uğurla icra olunur və paytaxtda nəqliyyat sisteminin, infrastrukturun inkişafı, sərnişindaşıma xidmətinin gündən-günə yüksəlməsi vətəndaşların rahatlığına xidmət edir. Tezliklə şəhər və qəsəbələrdə yaradılacaq 6 kiçik HUB da bu uğurlar sırasına yazılacaq. Nəticədə isə, Bakının nəqliyyat sistemi və infrastrukturu daha da təkmilləşəcək.
«Səs» Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB