Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı, prinsipial və milli maraqlara əsaslanan siyasət nəticəsində, Azərbaycan dinamik inkişaf edən güclü ölkəyə çevrilib
Azərbaycan Dünya Bankının nüfuzlu «Doing Business 2020» hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilib. Bu, Azərbaycan dövlətinin apardığı məqsədyönlü və çoxşaxəli sosial-iqtisadi islahatlara verilən daha bir yüksək qiymətdir. Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı, prinsipial və milli maraqlara əsaslanan siyasət nəticəsində, Azərbaycan dinamik inkişaf edən güclü ölkəyə çevrilib. Bu gün Azərbaycan artıq yüksək beynəlxalq nüfuza malik bir dövlət kimi tanınır və qəbul edilir. Azərbaycan iqtisadi inkişaf, həyata keçirilən böyük sosial-iqtisadi islahatlar, mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməklə qazandığı zəngin təcrübə sayəsində, haqlı olaraq, bütün dünyada yüksək nüfuz qazanıb.
İslahatlar nəticəsində, əldə olunan nailiyyətlər statistik rəqəmlərdə belə əks olunur ki, son 15 ildə Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,2 dəfə artıb. ÜDM-in qeyri-neft sahəsində 2,8 dəfə, sənaye məhsulu istehsalında 2,6 dəfə, o cümlədən, qeyri-neft sənayesində 2,2 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalında 2 dəfəyə qədər çoxaldığı müşahidə edilib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq, 45 milyard dolları ötüb.
Aparılan islahatlar, ilk növbədə, ölkə əhalisinin maddi durumunda özünü göstərir. Əməkhaqların, pensiyaların, müavinətlərin və təqaüdlərin, ardıcıl olaraq, artırılması da, məhz bu islahatların nəticələrindən qaynaqlanır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: «Dünya Bankının son hesabatında biznes mühitinə görə, Azərbaycan dünya miqyasında 25-ci yerdədir. Yəni bu, onu göstərir ki, biz bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox önəmli addımlar atırıq».
Qeyd edək ki, Azərbaycan «Doing Business 2020» hesabatında dörd sahə üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı asanlaşdırıb. Bu sahələr əmlakın qeydiyyatı, kreditlərin alınması, minoritar investorların hüquqlarının qorunması və müqavilələrin icrasının təmin edilməsidir.
«Doing Business» hesabatında, Azərbaycanın 20 ən islahatçı ölkədən biri elan olunması, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara verilən beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Nəzərə alsaq ki, xüsusən, 2015-ci ildən etibarən Azərbaycanda dərinləşmiş iqtisadi islahatlar aparılır. Bu da, beynəlxalq hesabatların reytinqlərində, eləcə də, Dünya Bankı kimi aparıcı qurumun «Doing Business» hesabatında özünü əks etdirir. Həmin hesabat həm dövlət, həm də sahibkar və xüsusən də, investisiya həyata keçirmək niyyətində olan iş adamları üçün vacibdir. Çünki onlar investisiya qərarları verən zaman bir neçə mühüm hesabata diqqət ayırırlar ki, həmin hesabatların ən vaciblərindən biri də, məhz «Doing Business» hesabatıdır. Beynəlxalq qiymət həm xarici investisiyaların cəlb edilməsi, ölkənin iqtisadi potensialının tanıdılması və təqdim olunmasına yardım edir, həm də islahatlar aparıldıqca, ölkəmizin beynəlxalq hesabatlarda mövqeyinin daha da yaxşılaşmasına səbəb olur. Bu baxımdan, «Doing Business» hesabatında mövqeyimizin yaxşılaşması birbaşa 2015-ci ildən dərinləşdirilən islahatların nəticəsi olaraq, xarakterizə olunmalıdır.
«Doing Business 2020»yə dair islahat icmalının təqdim edilməsi ondan xəbər verir ki, Azərbaycan hökuməti növbəti illərdə də islahatları davam etdirmək və dərinləşdirmək niyyətindədir. «Doing Business»in əsas fəlsəfəsi və qiymətləndirmə meyarı ondan ibarətdir ki, xidmətlərin alınması üçün tələb edilən günlərin, prosedurların sayında azalmalar olsun, iş adamları, vətəndaşlar daha az xərclər və xidmətlərdən faydalana və yararlana bilsinlər. Məqsəd beynəlxalq hesabatlarda mövqeyimizin yaxşılaşdırılması ilə yanaşı, iş adamlarının daha yaxşı biznes mühitindən faydalana və xidmətlərdən elektron qaydada yararlana bilmələridir. Bu gün Cənubi Qafqaz regionunun iqtisadi potensialının 65 faizdən çoxu, məhz Azərbaycanın payına düşür. Ölkəmiz iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə, dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur. Beynəlxalq reytinq agentlikləri Azərbaycanın potensial maliyyə və iqtisadi imkanlarını yüksək qiymətləndirirlər. Bütün bu uğurlar isə, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin nəticələrinə beynəlxalq təşkilatların verdiyi qiymət olmaqla yanaşı, milli sahibkar üçün də yeni imkanların yaradıldığından xəbər verir.
2020-ci il üçün hazırlanan «Doing Business» hesabatında Azərbaycanla bağlı mövqeyə diqqət yetirsək, 4 istiqamət üzrə ölkəmizdə islahatların dərinləşməsi müşahidə olunur. Onlardan biri də əmlakın qeydiyyata alınmasıdır. Əmlakın qeydiyyata alınmasının elektronlaşması və xüsusən, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daha çevik və elektron xidmətlərin təklif olunması, daha qısa zamanda, vətəndaşların öz əmlaklarını qeydiyyata alınmasına imkan yaratdı. Eləcə də, cari ildə ölkə başçısı tərəfindən bir sıra çoxmərtəbəli yaşayış binalarının qeydiyyatının asanlaşdırması ilə bağlı ayrıca bir fərmanın imzalanması da qeydiyyatın asanlaşdırılması prosedurunun sadələşdirilməsinə imkan verdi. Nəticə etibarilə, çoxlu sayda vətəndaşımız bu ilin ötən aylarında, istər yeni tikililərdə olan mənzillərin, istərsə də fərdi yaşayış sahələrinin, evlərinin qeydiyyatını həyata keçirə bildi ki, bu da, Azərbaycanın beynəlxalq hesabatlardakı mövqeyinə təsir göstərib. Eyni zamanda, əmlakın qeydiyyata alınması ilə bağlı tələb edilən prosedurların və günlərin sayının azaldılması müşahidə olundu. Bu da, «Doing Business» qiymətləndirməsinin əsas meyarlarından biridir. Belə ki, Dünya Bankı bu hesabatı hazırlayan zaman ən çox önəm verdiyi meyarlar prosedur və günlərin saylarının, eyni zamanda, tələb olunan xərclərin azaldılmasıdır. Əmlakın qeydiyyatı ilə bağlı aparılan islahatlar bunların reallaşmasına imkan yaratdı.
Bütövlükdə, hesabat göstərir ki, xüsusən, elektron xidmətlərin daha çox istifadə olunması vətəndaşların, eləcə də, biznesin dövlət xidmətlərinin elektron olaraq əlçatarlığın təmin edilməsi Azərbaycanın beynəlxalq hesabatlardakı mövqeyinə birbaşa təsir göstərib. Bu da, bir tərəfdən, təbii ki, 2015-ci ildən etibarən aparılan iqtisadi islahatların dərinləşməsinin qiymətləndirilməsidir. Nəticə olaraq bu, islahatların davamlılığı ilə bağlı beynəlxalq qiymətdir. Bu da, onu göstərir ki, Azərbaycan növbəti dövrlərdə də dərinləşmiş islahatları davam etdirəcək.
Bir daha qeyd edək ki, Azərbaycan «Doing Business 2019» hesabatında 32 pillə irəliləyərək, ən islahatçı ölkələr sırasında 57-ci pillədən 25-ci yerə yüksəlib. Bütün bunlar göstərir ki, Azərbaycanda aparılan sosial-iqtisadi islahatlar düzgün düşünülmüşdür və məqsədyönlüdür.
«Səs» Analitik Qrupu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB