“Nikol istəsə də, istəməsə də, istefaya getməlidir və gedəcək də” ANALİTİK

“Nikol istəsə də, istəməsə də, istefaya getməlidir və gedəcək də” ANALİTİK

Nikol Paşinyanın baş nazir olduğu dövrdən başlayaraq, Ermənistanda mövcud olan narazılıq faktorları daha əvvəllər cüzi şəkildə ictimailəşdirilirdisə, hazırda həmin faktor açıq-aydın, hətta Serj Sarisyan zamanında olduğu kimi sərt tonlarda ictimailəşdirilməkdədir. Xüsusilə, “məxməri inqilab”dan sonra formalaşdırılmış hökumətin daxilində yaranan ikitirəliklər, hakimiyyətin ayrı-ayrı strukturlarında yaranan qrupların iç savaş aparmaları, güc və s. nazirliklərindən verilən istefalar və qovulmalar belə deməyə əsas yaradır ki, baş nazir yalnız xarici siyasətində deyil, eləcə də daxili siyasətində çoxsaylı boşluqlara yol verir, idarəçilik prinsipini itirir, get-gedə kütləvi xalq narazılığı ilə qarşı-qarşıya qalır. Ermənistanın tanınmış politoloqları, media nümayəndələri demək olar ki, hər gün anti-Paşinyan xarakterli çıxışlar edib, ölkədəki vəziyyətin təhlükəli dərəcədə yaxşı olmadığını dilə gətirirlər. Verilən vədlərin yerinə yetirilməməsindən başlayaraq hər bir məqam sərt, hətta aqressiv tonda tənqidlərlə əvəzlənməkdədir.

“Parlament modeli ilə idarə edilən ölkələr üçün bu normal haldır”

“Hazırda bizə təmkinli adam lazımdır ki, konstruktivlik nümayiş etdirsin, cəmiyyətin müxtəlif təbəqələri ilə dialoqa girsin, verdiyi vədlərinə sadiq olsun”. SİA armenianreport informasiya portalına istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində politoloq Stepan Danielyan yazıb. Onun sözlərinə görə, baş nazir bütün hallarda istefaya getməlidir. SİTAT: “Nikol istəsə də, istəməsə də, istefaya getməlidir və gedəcək də. O, buna məhkumdur. Bu o demək deyil ki, Ermənistanda hakimiyyət dəyişikliyi olmalıdır. Hakimiyyət parlamentə məxsusdur, baş nazirə deyil və yeni hökumətin formalaşdırılması hakimiyyət dəyişikliyi deyil. Parlament modeli ilə idarə edilən ölkələr üçün bu normal haldır”.

Tanınmış erməni politoloqu Paşinyanın bir sıra şanslarını əlindən buraxdığını deyib: “Nikol destruktiv şəxsdir və o, cəmiyyətin konsolidasiyası üçün öz şansından istifadə etməyib. O, hazırda bir çoxları ilə münaqişədə olduğu “Mənim addımım” blokunun fraksiya həmkarları ilə yanaşı, güc strukturlarındakı zabitlərlə, artıq iflas astanasında və diskreditasiyada olan məhkəmə sisteminin nümayəndələri ilə, həmçinin, “Artsax” (dırnaqlar bizimdir – R.R.), eləcə də Ermənistan ictimaiyyətinin bir hissəsi ilə də münaqişəli vəziyyətdədir”.

Buradan isə belə bir amil ortaya çıxır ki, hələ Serj Sarkisyan dövründən qalan Ermənistan və Qarabağ erməniləri arasındakı antipatiya, hətta düşmənçilik münasibətlərini çözə bilməyən Paşinyan bir tərəfdən Ermənistan ermənilərinin qınaqlarına, digər tərəfdən isə, Qarabağ ermənilərinin hiddətinə tuş gəlir.

“Nə qədər tez gedərsə, hər birimiz üçün bir o qədər yaxşıdır”

Beləliklə, bir tərəf onu zəiflikdə, digər tərəf isə ayrıseçkilikdə, insanları “ağlara” və “qaralara” bölməkdə ittiham edir. Məhkəmə və güc strukturlarında yaşanan xaos isə göz önündədir.

Danielyan Nikolun beynəlxalq meydanlarda da anlaşıqsız siyasət tətbiq etdiyini bildirib və qeyd edib ki, o bu sahədə uğursuz adam obrazında tanınır: “Beynəlxalq həmkarları arasında o, uğursuz sima reputasiyasını qazanıb, daxili siyasətində isə yalnız qalmaqallar yaratmaqla məşğuldur. Mavr öz işini görüb və Mavr gedə bilər. Bu və ya digər hallarda o, vaxtından tez gedə bilər və nə qədər tez gedərsə, hər birimiz üçün bir o qədər yaxşıdır, xüsusilə onun siyasi komandası üçün”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə