Ceyms Steynberq: “Tərəflər münaqişənin həllində fəallıq göstərməlidirlər ki, hər iki dövlətin maraqlarına xidmət edən yekun razılıq əldə olunsun”

Ceyms Steynberq: “Tərəflər münaqişənin həllində fəallıq göstərməlidirlər ki, hər iki dövlətin maraqlarına xidmət edən yekun razılıq əldə olunsun”
"ABŞ-la Azərbaycan arasındakı ikitərəfli əməkdaşlığa xüsusi önəm veririk. Əsas məqsədimiz iki ölkə arasındakı əməkdaşlığı daha da genişləndirmək və bunu daha geniş şəkildə davam etdirməkdir". SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə verdiyi açıqlamasında ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberq deyib. O bildirib ki, səfər çərçivəsində keçirəcəyi görüşlərdə Azərbaycanda demokratik cəmiyyətin inkişafı və Dağlıq Qarabağ ətrafında yaranan vəziyyəti müzakirə edəcək. Onun sözlərinə görə, burada əsas məqsəd hər iki ölkənin maraqlarını təmin edəcək ümumi razılıqların əldə olunmasıdır.

"Səfərim İlham Əliyevin Barak Obamı ilə görüşünun və Hillari Klintonun Azərbaycana səfərinin davamıdır. ABŞ ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin həllində yaxından iştirak edir və bu prosesə çox sadiqdir. Biz istərdik ki, Azərbaycan və Ermənistan münaqişənin həllində ortaq məqama gəlsin. Ermənistanda keçirdiyim görüşlər zamanı da qeyd etdim ki, tərəflər münaqişənin həllində fəallıq göstərməlidirlər ki, hər iki dövlətin maraqlarına xidmət edən yekun razılıq əldə olunsun. Bu gün Prezident İlham Əliyevlə keçirəcəyim görüşümdə də bu məsələ ilə əlaqədar dövlət başçısının fikir və rəylərini öyrənəcəyəm", - deyə o əlavə edib.

Daha sonra o, Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri və demokratik institutların fəaliyyətlərinə də münasibət bildirib: "Son zamanlar Azərbaycanın iqtisadi inkişafı göz önündədir. Bu baxımdan ölkənizin korrupsiyaya qarşı apardığı mübarizəni alqışlayırıq. Digər məsələyə gəlincə, Azərbaycanda demokratik institutların inkişafını zəruri hesab edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə