Elçin Mirzəbəyli: “Prezidentlərin növbəti görüşündə də bəyanatlardan başqa hansısa irəliləyiş gözlənilmir"

Elçin Mirzəbəyli: “Prezidentlərin növbəti görüşündə də bəyanatlardan başqa hansısa irəliləyiş gözlənilmir"

Xəbər verildiyi ki, martın 5-də Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidə üçtərəfli görüşü baş tutacaq. Bundan əvvəl isə, yəni fevralın 25-də Ermənistan prezidenti Serj Sarkisyan Rusiyaya səfər edəcək. Səfər çərçivəsində Dağlıq Qarabağ probleminin də müzakirə olunacağı bildirilir. Bütün bunlar problemin həllində irəliləyişə ümid verirmi? Ekspertlərin çoxu bu suala mənfi cavab verir.

 

Politoloq Elçin Mirzəbəyli də hesab edir ki, hazırkı situasiyaya və həmsədrlərin son bəyanatlarına söykənərək Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin qarşıdan gələn üçtərəfli görüşünə böyük ümidlər bəsləmək olmaz. SİA-ya açıqlamasında E.Mirzəbəyli söyləyib ki, Rusiya Soçi prosesinin davamını gətirmək üçün bu görüşü keçirmək və münaqişənin həllində mühüm rol oynadığını göstərmək niyyətindədir: "Əsas məqsəd irəliləyişə nail olmaq üçün konkret addımlardırsa, bu da ortada yoxdur. İstənilən işğal faktını aradan qaldırmaq üçün beynəlxalq prinsiplər və normalar var. İşğalçıya qarşı beynəlxalq hüquq normalarından irəli gələn addımlar atılmalıdır. Bu addımların içərisində iqtisadi sanksiyalar, siyasi təzyiqlər və sonda hərbi təzyiqlər var. Ancaq atəşkəsin imzalandığı 1994-cü il may ayından bu yana işğalçıya hər hansı bir formada təzyiq olmayıb. Rusiya Ermənistandakı hərbi baza ilə bağlı müqaviləni təzələməklə bu ölkəyə dəstəyini davam etdirir. Rusiya, eləcə də Minsk qrupunun digər həmsədr ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi istiqamətindən cəhd göstərməyib. Bütün bunlardan çıxış edərək hesab edirəm ki, sülh danışıqlarının davam etdirilməsi ilə bağlı növbəti bəyanatdan başqa hər hansı bir irəliləyiş gözlənilmir".

 

Ermənistan prezidenti Serj Sarkisyanın Rusiyaya, eyni zamanda ABŞ dövlət katibinin müavini Ceyms Steynberqin regiona səfərinə toxunan E.Mirzəbəyli bildirib ki, hər iki səfərdə digər məsələlərlə bərabər Dağlıq Qarabağ probleminin də müzakirə olunacağı şübhəsizdir. Bölgənin təhlükəsizliyinə zərər verən amillər olduğunu deyən politoloq qeyd edib ki, bu amillərdən biri də münaqişələrin yenidən başlanması və bu müstəvidə regionda pozucu fəaliyyət göstərən İran kimi dövlətlərin aktivləşməsidir: "Danışıqlarda çox güman ki, Dağlıq Qarabağla bağlı da müzakirələr aparılacaq. İndiki halda Ermənistanın təcavüzkar siyasətinə qarşı hansısa addımın şahidi olmamışıq. Bəyanatlardan başqa ortada bir şey yoxdur. Ona görə də hesab edirəm ki, Azərbaycanın öz hərbi potensialı gücləndirməklə beynəlxalq hüquq normalarına və prinsiplərinə istinad edərək işğal edilən torpaqlarını azad etməsi məsələsi yenə də gündəmdə qalır".

Bütün xəbərlər Facebook səhifəmizdə