Ombudsman Aparatında Xocalı faciəsinin 19-cu ildönümünə həsr edilmiş anım mərasimi keçirilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Ombudsman Elmira Süleymanova bəşər tarixinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının növbəti ildönümü günlərində faciəni törədənləri bir daha tanıtmağın, erməni vandalizmini, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, erməni millətçiləri tərəfindən uzun illərdən bəri həyata keçirilən təcavüz və etnik təmizləmə siyasətinin məqsədinin azərbaycanlıları tarixi torpaqlarından qovmaq, həmin ərazilərdə "Böyük Ermənistan" dövləti yaratmaq olduğunu, Qafqazda yüz minlərlə azərbaycanlının zaman-zaman öz torpaqlarından deportasiya edildiyini söyləyib.
Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət istər Qarabağ müharibəsi, istərsə də dünya müharibələri tarixində dəhşətli nəticələrinə görə analoqu olmayan hadisələrdəndir.
Ombudsman BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş və 1951-ci ildə qüvvəyə minmiş Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyada genosid cinayətinin hüquqi əsasının təsbit edildiyini, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı bu hüquqi sənəddə təsbit olunmuş genosid cinayətinin bütün mənfur əməllərinin tətbiq olunduğunu söyləyib. O, Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilmədiyini, terrorçu əməllərə qarşı qəti tədbirlər görülmədiyini nəzərə çatdırıb.
Anım mərasimində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar E.Süleymanovanın BMT-nin Baş Katibi, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı, Avropa Komissiyası, Avropa Şurası, ATƏT, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutları, Asiya Ombudsmanlar Assosiasiyası, Beynəlxalq Sülh Bürosu, Universal Sülh Federasiyası, müxtəlif ölkələrin ombudsmanları, Azərbaycan Respublikasının xarici ölkələrdəki, xarici ölkələrin respublikamızdakı səfirlikləri və Azərbaycanın diaspor təşkilatlarına ünvanladığı Bəyanat səsləndirilmiş və dəstəklənib.
Bütün xəbərlər Facebook səhifəmizdə