Səbail rayonunda məskunlaşmış Xocalıdan olan köçkün ailələri ilə görüş keçirilib

Səbail rayonunda məskunlaşmış Xocalıdan olan köçkün ailələri ilə görüş keçirilib

Xocalı faciəsinin ildönümü ərəfəsində Səbail rayon İcra Hakimiyyətində Xocalı şəhərindən köçkün düşərək Səbail rayonunda məskunlaşmış 23 ailənin nümayəndələri ilə görüş keçirilib.

SİA-nın xəbərinə görə, mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanıb.

Həmçinin, qeyd olunub ki, fevral ayının 26-da rayondakı bütün təhsil müəssisələrində ilk dərslər Xocalı faciəsinə həsr olunacaq, rayonun sənaye, təhsil, səhiyyə və s. müəssisələrin kollektivlərinin "Xocalı harayı" abidəsinin ziyarəti təşkil ediləcəkdir. Həmin gün rayondakı məscidlərində Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunacaq, "Bibiheybət" və İçəri şəhər "Cümə" məscidlərində ehsanlar veriləcəkdir.

Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyəti başçısının Xocalı şəhəri üzrə nümayəndəsi Yavər Əzimov və başqaları ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.

Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə maddi və ərzaq yardımlar paylanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə