Mitinqə icazə verildi... - MƏQALƏ

Hanı bəs o mitinqə gedəcək elektorat?

Mitinqə icazə verildi. Verildi e, sadəcə yenə radikallar narazıdırlar. İddia edirlər ki, Lökbatana kim gedəcək. Elə bil həmin müxalifət deyildi ən yaxın tarixdə illərlə Motodromda mitinq keçirən. Deyə bilərsiniz ki, o vaxt başqa, indi başqa. Razıyam sizinlə. Gəlin o zaman sizinlə bərabər radikal müxalifətə qarşı xalqda formalaşan inamsızlığın səbəblərini sıralayaq:

1. İllərdir radikalların öz aralarında didişməkdən başları ayılmadı ki, çevrilib bir ətraflarına baxsınlar və xalqın onlardan gozləntilərini görsünlər. Yaratdıqları hər qurum onların bir az da dibə vurmalarına səbəb oldu. Hər gələn uğursuzluq onları öz aralarında agent, satqın, hakimiyyətə işləyən axtarmağa vadar etdi. Əslində yaratdıqları həmin qurumların uğursuzluqlarının arxasında dayanan mətləblərə enməyə çalışsaydılar və bunu bacarsaydılar görəcəkdilər ki, yavaş yavaş xalqdan qopurlar. Xalq onlara inansa da, bu uzun müddət belə davam edə bilməzdi. Və davam etmədi də. Didişmələrdən yorulan xalq radikalları Tanrının ümidinə və cəhənnəmləri ilə baş başa qoydu.

2. Radikallar, xüsusən Əli Kərimlinin kurasiyasinda olan media orqanları, qeyri hökumət təşkilatları və gənclər hərəkatları vasitəsi ilə min illərdir mövcud olan milli mənəvi dəyərlərə qarşı hücuma keçdilər. Əbülfəz Elçibəy dövründə milli, sağ mərkəzçi cizgidə olan müxalifət bir anda liberal, sol, anarxist düşüncələrin hücumuna məruz qaldı. Gənclərin beyinləri "hamamtimes", "sancaq", "mentualet", "solfront", "abzas" kimi səhifələr vasitəsi ilə yuyuldu, milliyyətçi xəttə sadiq gənclərin, daha sonra isə orta yaşlı kontingentin müxalifət düşərgəsindən uzaqlaşdırılmasına start verildi. Mitinqlərdə "Rədd olsun mentalitet", "öpüşməyə qarışmayın" kimi şüarlar səsləndiriləndə nə Əli Kərimlinin, nə də digər radikal müxalifət cəbhəsində olan "başbilənlərin" səsi çıxmadı. Publardan çıxmayan, sevgini sekslə səhv salan, mentaliteti "mentualet" adlandıran, qızları siqaret çəkməyi, içki içməyi, narkotik aludəçiliyini müasirlik sayanda, oğlanları böyük fəxrlə LGBT mitinqlərində iştirak edirdilər. Bu boyda əxlaqi degeredasiyanın içinde olan müxalifətə sizcə xalq etibar edərdimi? Xeyr!

3.İqtidara gəlmək üçün şeytanla belə əməkdaşlıq edəcəklərini dəyən radikal müxalifət kənardan idarə olunan qeyri ənənəvi dini cərəyanları, təriqətləri xortlatdilar, onlarla əməkdaşlıq etdilər. Siyasi məhbus adlandırılan şəxslərin siyahısına saqqallı, əbalı, əmmaməli Azərbaycanın dövlət müstəqilliyini heçə sayan qüvvələri əlavə etdilər, həmin qüvvələrin təbirincə desək siyasi islamın vüsət tapmasına şərait yaratdılar. Son bir neçə ildə mitinqlərində daha çox radikal dindarların bulunduğunu görən müxaliflər elə düşündülər vəssalam, dindarlar da artıq onlarla bərabər hərəkət edir. Halbuki düymələri xaricdə olan, konkret regionda geosiyasi maraqları olan qüvvələr tərəfindən idarə olunan həmin o dini cərəyanların da öz ağalarının qarşısında götürdüyü öhdəliklər vardı və onlar o öhdəliklərin müddəalarına uyğun siyasi proseslərdə güclənənə kimi radikal müxalifət bir sırada addımlayacaqlar. Xalq isə ölkədə yaradılan tolerant mühitdən çox razıdır və ibadət edən insanların öz ibadətlərini yerinə yetirmələri üçün isə hər cür şərait yaradılıb. Belə olan halda özünə hörmət edən dindarın və ümumiyyətlə lap sekulyar bir vətəndaşın radikallarınn yanında nə işi var idi? Bu da daha bir səbəb...

4. Radikal Müxalifət düşərgəsində özünü lider adlandıranlar kreslolarından bərk bərk yapışdılar, nə partiya daxili yeniləşməyə getdilər, nə də gənc siyasətçilər yetişdirməyə cəhd göstərdilər. Əksinə, bir balaca siyasi motivasiyası olanlara da ya qapını göstərdilər, ya da həbslərini təşkil etdirdilər. Ömrünün ən məhsuldar illərini həbsdə keçirən həmin gənclər isə həbsdən çıxanda yarımçıq vucuda çevrildilər. Bunu görən xalqın da onlara heç bir inamı qalmadı.

İndi radikallar 28 sentyabrda onlar üçün ayrılan yerə Lökbatan getmək istəmirlər. Bəhanələri isə bəllidir: xalq ora gedə bilməyəcək. Hansı xalq? Haradadır o xalq? Məhz yuxarıda sadaladığımız səbəblər ucbatından xalqla radikallar arasında ciddi uçurum movcuddursa, bunlar hansı xalqdan, hansı elektoratdan danışırlar? Onlar həmin elektoratı çoxdan itiriblər, ancaq kürəklərini yerə vurmaq istəmirlər...

Oktay Hacımusalı

Bütün xəbərlər Facebook səhifəmizdə