"ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə və əlaqədar təlim standartlarının hazırlanması" layihəsinin İşçi Qrupunun növbəti iclası keçirilib
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan hökuməti və Dünya Bankı ilə birgə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsi çərçivəsində "ISCO 88/08-ə uyğun təkmilləşdirilmiş peşə və əlaqədar təlim standartlarının hazırlanması" layihəsinin İşçi Qrupunun 2-ci iclası keçirilib.
Nazirlikdən SİA-ya verilən məlumata görə, iclasda layihə çərçivəsində əldə edilmiş nailiyyətlər, standartların hazırlanması, standartların və prosedurların pilot testlərinin keçirilməsi, standartların hazırlanmasında tərəfdaşların rolu, peşələrin prioritetləşdirilməsi üçün bazar göstəriciləri və digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Almaniyanın "GOPA Consultants" beynəlxalq məsləhətçi şirkəti tərəfindən həyata keçirilən layihənin 2013-cü ildə başa çatması planlaşdırılır. Layihə çərçivəsində Azərbaycan mütəxəssislərinin ümumdünya bazarında rəqabətə davamlılığını artırmaq, o cümlədən Azərbaycanda insan resurslarının inkişafını təmin etmək üçün tikinti, yeyinti sənayesi, yüngül sənaye, turizm, enerji (alternativ enerji daxil olmaqla) sektorları üzrə 200 peşə, 100 təlim və iş yerlərində 200 peşə üzrə qiymətləndirmə standartı hazırlaması nəzərdə tutulur. Artıq standartların hazırlanması üçün 50 prioritet peşə müəyyən olunub və müvafiq işlərə başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB