BSU tələbələri ikili diplom alacaq

BSU tələbələri ikili diplom alacaq

Bolqarıstan Respublikasının Müqəddəs Kiril və Mefodiy adına Veliko-Tırnovo Universitetinin rektoru Xristo İlievin rəhbərliyi altında beş nəfərdən ibarət nümayəndə heyəti Slavyan Universitetinə beş günlük ezamiyyətə gəlib. Qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətlərinin tarixindən, müstəqillik dönəmində iki dövlət arasında münasibətlərin yeni mərhələyə daxil olmasından, Ulu Öndər Heydər Əliyevin, Onun davamçısı Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın Bolqarıstan Respublikası ilə Azərbaycan arasında əlaqələrin genişləndirilməsi sahəsində gördüyü işlərdən danışıb. N.Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Bolqarıstanın Veliko-Tırnov şəhərindəki bu ölkənin qədim tarixini nümayiş etdirən maraqlı və cazibədar bir kompleks kimi ümumdünya mədəni irsi sırasına daxil olan Trapezitsa Qalasında aparılan təmir-bərpa işlərindən danışıb.
Veliko-Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolov, öz növbəsində, səmimi qarşılanmaya görə BSU-nun rektoru, professor N.Əliyevaya dərin təşəkkürünü bildirərək, Bolqarıstanın Azərbaycanla tarixən dostluq əlaqələrinə malik olduğunu qeyd edib. Rektor Bakı ilə bağlı ilk tanışlıq təəssüratını bölüşərkən, Azərbaycan paytaxtının dünyanın ən müasir meqopolisləri ilə yanaşı dayanmağa layiq bir şəhər olduğunu vurğulayıb.
Azərbaycan dövlətinin təhsilə qayğısını yüksək qiymətləndirən Veliko-Tırnovo Universitetinin rektoru Xristo İliev Bondjolov rəhbəri olduğu universitetlə BSU arasındakı əməkdaşlığın Azərbaycan və Bolqarıstan dostluq münasibətlərində mühüm rol oynayacağını bildirib. BSU-da bolqar dilinin və ədəbiyyatının öyrənilməsindən məmnun qaldığını qeyd edən X.İ.Bondjolov Azərbaycan xalqının tolerant, multikultural dəyərlərə sadiq bir xalq olduğunu deyib. X.İ.Bondjolov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Bolqarıstanda Veliko-Tırnovo şəhərinin fəxri vətəndaşı adı verilməsindən və ona Müqəddəs Kiril və Mefodiy adına Veliko-Tırnovo Universitetinin fəxri doktoru diplomlarının təqdim olunmasından da söz açıb.
Çıxışlardan sonra rektorlar universitetlər arasında ikitərəfli müqaviləni imzalayıblar. Müqavilənin əsas şərtlərindən biri BSU tələbələrinə ikili diplomların verilməsi olacaq. Bundan əlavə, müqavilədə tələbə mübadiləsi aparılması, bolqarşünaslıqla məşğul olan gənclərin adıçəkilən universitetdə praktika keçməsi və digər məsələlər nəzərdə tutulur.
Qonaqlar BSU-da fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, universitetin muzeyi, kitabxanası ilə yaxından tanış olublar. Sonra onlar BSU-nun Bolqar dili Tədris və Mədəniyyəti Mərkəzində bolqarşünaslıq üzrə təhsil alan tələbələrlə görüşüblər. Qonaqlar mərkəzin kitabxanasına bolqar dilində kitablar bağışlayıb.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə