YAP ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edən lider partiyadır
Yarandığı zamandan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin və şərəfli yol keçib. 1992-ci il noyabrın 21-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına və ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun başlanğıcı oldu. Həmin zamandan bu günə kimi, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu YAP ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayır. Müasir dövrdə beynəlxalq arenada tanınan və qəbul edilən nüfuzlu partiyalar sırasında böyük nüfuz sahibidir. Sözsüz ki, partiyanın yüksək nüfuzu, bilavasitə onun yaradıcısı Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti ilə bağlıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu, hazırda 750 minə yaxın Azərbaycan vətəndaşını sıralarında birləşdirən Yeni Azərbaycan Partiyası bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində daim yaxından iştirak edir ki, bu da, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, "Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir".
YAP-ın fəaliyyət mexanizminin əsaslarını təşkil edən mühüm prinsiplərdən biri güclü dövlət anlayışıdır. Bu güclü dövlət anlayışı isə, həm dövlətin iqtisadi qüdrətinin artırılmasını, həm də vətəndaşların sosial-rifah halının yaxşılaşdırılmasını özündə ehtiva edir. Bu gün müasir Azərbaycan demokratik, hüquqi və sosial dövlət kimi tanınır. Azərbaycanın sosial dövlət olmasını göstərən amillərdən biri həyata keçirilən siyasətin mərkəzində insan amilinin olmasıdır. Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyevin Sədri olduğu YAP-ın fəaliyyətində də sosial ədalət anlayışı mühüm yer tutur. Təsadüfi deyil ki, cəmiyyətdə müxtəlif təbəqələrin nümayəndələrinə bərabər imkanların yaradılması, sosial dövlət vasitəsilə sosial rifahın təmin olunması kimi başlıca məsələlər Yeni Azərbaycan Partiyasının ideoloji siyasətində sosial ədalət prinsipi ilə ifadə olunub.
"BU GÜN YENİ AZƏRBAYCAN PARTİYASI DÜNYA MİQYASINDA ÇOX BÖYÜK VƏ GÜCLÜ PARTİYADIR"
2003-cü ildən etibarən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində, Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə, dünyanın lider dövlətləri sərasında olmuşdur. Bu gün Azərbaycanı 1990-cı illərin əvvəli ilə müqayisə etmək mümkün deyil. Həmin illərdə insanlar ən kiçik sosial ehtiyaclarını ödəyə bilmirdilər. Bu gün hər bir sahədə uğurlar qazanılıb və Azərbaycan güclü dövlətdir, dünyada nüfuzlu ölkə kimi tanınır, regionun isə lideridir. Bu gün regionda Azərbaycanın razılığı olmadan hər hansı bir layihəni həyata keçirmək mümkün deyil. İstər ölkə daxilidə, istərsə də beynəlxalq miqyasda əldə olunan nailiyyətlər, qazanılan nüfuz ölkə gerçəkliklərinə söykənir. Bu uğurların əldə edilməsində Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Ölkə başçısı əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, zəhməti, rolu olduğunu çıxışlarının birində belə bildirmişdi: "Bu gün partiyamız, ölkəmizin aparıcı siyasi qüvvəsi kimi, bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür. Partiyamızın üzvləri müxtəlif sahələrdə ölkəmizin ümumi inkişafına çox böyük töhfələr verirlər. Bu gün Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyadır. Bizim beynəlxalq əlaqələrimiz də genişlənir".
YAP XALQIMIZIN MİLLİ MARAQLARINI İFADƏ EDƏN VAHİD VƏ AVANQARD SİYASİ QÜVVƏYƏ ÇEVRİLİB
Azərbaycanda gedən bütün inkişaf, məhz Ulu Öndər Heydər Əliyevin qoyduğu siyasətlə bağlıdır. Bu gün də bu siyasət çox böyük uğurla Azərbaycan Prezident İlham Əliyev tərəfindən aparılır. Müasir dövrümüzdə Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur və ictimai-siyasi sabitlik möhkəmlənir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. Bunun təməlində düşünülmüş siyasət, həyata keçirilən islahatlar və dövlət proqramları dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi də hər zaman diqqət mərkəzindədir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların maddi və mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şərait yaradılıb ki, bu da, Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. İnsan sağlamlığı və onun hərtərəfli təminatı istiqamətində ardıcıl işlər görülür. Əgər Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən hadisələrin qarşısı alınmasaydı və Böyük Şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıdışı olmasa idi, əlbəttə ki, bu günün Azərbaycan reallıqlarından belə söhbət açıla bilməzdi.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sədri olduğu YAP-ın nüfuzu getdikcə artmaqdadır. Ulu Öndər Heydər Əliyev ideyalarına sadiq olan və bu ideyalar əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası Möhtərəm Prezident İlham Əliyevin Sədrliyi ilə böyük inkişaf yolu keçib. Bu gün YAP xalqımızın milli maraqlarını ifadə edən vahid və avanqard siyasi qüvvəyə çevrilib. Xalqın partiyaya inamı, məhəbbəti yüksəlir və vətənini, xalqını sevən hər kəs Prezident İlham Əliyev ətrafında sıx birləşir. Ulu Öndərin siyasətini davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasın Sədri Cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində, Azərbaycan hər bir sahədə böyük inkişaf yolu qət edib. Bu gün müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər keçirilir. Bütün sahələrdə görülən işlər və qazanılan uğurlar, onu göstərir ki, Azərbaycan xalqı düzgün seçim edib. İnkişaf və tərəqqi yolunu tutaraq, bütün fəaliyyət prinsiplərini dövlətə və xalqa xidmət üzərində quran YAP ölkənin ictimai-siyasi proseslərində yaxından iştirak edərək, xalqımızın inam gətirdiyi lider partiyadır.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB