"Ermənistan daxilində vəziyyət ziddiyyətlidir" ÖZƏL-MÖVQE

"Ermənistan daxilində vəziyyət ziddiyyətlidir" ÖZƏL-MÖVQE

“Paşinyanın Los-Ancelesə səfəri çoxdan gözlənilirdi. Paşinyanın bir neçə günlük Kaliforniya səfəri onu göstərdi ki, Ermənistan daxilində vəziyyət olduqca ziddiyyətlidir. Əgər belə olmasaydı keçmiş Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Paşinyana Los-Anceles mesajını verməzdi. İkinci məsələ ondan ibarətdir ki, o, bu dəfə Qarabağla bağlı çıxışında daha təkmilli çıxış etdi. Yəni Paşinyanın çıxışı bütün ayrı-ayrı diaspor nümayəndələrinin çıxışlarından bir qədər daha yumşaq olması ilə seçildi”. Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

Politoloqun sözlərinə görə, bu səfər zamanı Ermənistan əslində özünü reklam etmək istəyirdi: “Bu isə anti-reklamla nəticələndi. Səfər ərəfəsində şəhərin aparıcı KİV-ləri Ermənistanın işğalçı siyasəti ilə bağlı yazılarla çıxış etdilər. Bir sözlə, Ermənistan rəhbərinin bölgəyə səfəri Ermənistanın işğalçılıq mövqeyinin mediada tirajlanması ilə nəticələndi. Paşinyanın hakimiyyəti dövründə Ermənistandakı gərginliyi hiss etməkdəyik. Amma unutmaq olmaz ki, Ermənistanın diaspor resursu da kifayət qədərdir. Düzdür, o diaspora resursu ABŞ-da son 2 ildə öz siyasətlərinə, məqsədlərinə çata bilmirlər”.

ABŞ-ın Qarabağla bağlı mövqeyindən danışan Z. Məmmədov əlavə edib ki, burada qəti mövqe yoxdur: “Status-kvo davam etməkdədir. Yalnız ABŞ bölgədə aktivləşmək istəyir. Buna görə də əslində ABŞ və Rusiyanın Cənubi Qafqazda qarşı durması münaqişə tərəflərinin hər biri üçün tamamilə fərqli nəticələrə gətirib çıxara bilər. Bütün hallarda Azərbaycan həmsədr ölkələrin hər üçü ilə münasibətlərini inkişaf etdirməkdə maraqlıdır. Hər bir halda Azərbaycan öz diplomatik çıxışlarından istifadə edərək bütün tərəf və beynəlxalq təşkilatlarla effektiv siyasət qurmağı bacarıb. Təbii ki, bu siyasətin nəticəsi ikitərəfli münasibətlərdə özünü göstərməkdədir. Qarabağ məsələsi isə daha dərin və çətin məsələ olduğundan bunun üçün beynəlxalq aləmin şərtləri lazımdır, ancaq hələlik o şərtlər yetişməyib”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə