Astara rayonunda 2010-cu ilin yekunları müzakirə edilib. SİA-nın cənub bürosunun məlumatına görə, Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev hesabat məruzəsi ilə çıxış edib. Məruzədə qeyd edilib ki, əvvəlki illərdə olduğu kimi hesabat ilində də rayonda tikinti abadlıq və quruculuq işləri diqqət mərkəzində olub.
İnşaat işlərinin aparılması üçün 2010-cu ildə bütün maliyyə mənbələrindən əsas kapitala 34 milyon 358,1 min manat məbləğində vəsait yönəldilib. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə çoxdur. İlin əvvəlindən rayonda ümumi sahəsi 7122 kv.m olan 55 fərdi yaşayış evi istifadəyə verilib.
Magistral Qaz Kəmərləri İdarəsi, Qaz İstismar Sahəsi üçün inzibati idarə binalarının, şəhər 5 saylı, Kakalos kənd 1 saylı, Vaqo kənd orta və Siyətük ibtidai məktəblərinin, Kijəbə qəsəbə və Suparibağ kənd uşaq bağçalarının əsaslı təmiri başa çatdırılıb, yeni Qaz Kompressor Stansiyasının, Xəzər dənizinin sahilində turizm məqsədilə istirahət obyektlərinin, Olimpiya İdman kompleksinin tikintisi davam etdirilib.
Mühüm strateji obyekt olan Astara Gömrük İdarəsi beynəlxalq standartlara uyğun olaraq yenidən qurularaq istifadəyə verilib.
Rayon əhalisinin çoxsaylı müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 aprel 2010-cu il tarixli Sərəncamı ilə Astara-Bala Şahağacı avtomobil yolunun yenidən qurulması ilə əlaqədar 3,5 milyon vəsait ayrılıb. 19 km məsafəni əhatə edən bu yol qısa müddətdə yenidən qurularaq istifadəyə verilib.
Şəhərin Heydər Əliyev prospektində 65 metr hündürlüyündə Dövlət Bayrağı meydanı salınıb. Şəhərin küçə meydanları yenidən qurulub, fasad hissələri alkoponla üzlənib, yolun asfaltlaşması başa çatdırılıb.
Astara şəhəri H.Əliyev prospektində Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 16 mənzilli, 4 mərtəbəli yaşayış binasının tikintisi davam etdirilib. Rayonun Vaqo kəndində Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evi tikiliib. Ötən 7 ildə rayonda 4543 iş yeri açılıb ki, onun da 4228-i daimi iş yeri, 315-i isə mövsümi iş yeri olub. 2010-cu ildə rayonda 403 yeni iş yeri açılıb.
Məruzə və çıxışlarda görülən işlərlə yanaşı, qarşıda duran vəzifələr sadalanaraq əhalinin rifah halının daha da yaxşılaşdırılması istiqamətində təkliflər irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə