Azər Ayxan: “Müsavat partiyasının timsalında müxalifətin güclənməsi, toparlanması, reanimasiya olunması çox ciddi şübhələr doğurur”
Müsavat partiyasında qurultayöncəsi yaranmış vəziyyət yalnız bu partiyanın hazırda da üzvləri olan şəxslər arasında aktual mövzuya çevrilməyib, həmin mövzu zamanında bu partiyada təmsil olunmuş və hətta həmin siyasi təşkilatın fəaliyyətində aktivlikləri ilə seçilmiş insanlar tərəfindən də danışılır, müzakirə predmetinə çevrilir. Xüsusilə, başqanlığa, MNTK-ya, eləcə də Məclisə seçiləcək namizədlər arasında mövcud olan və əsəblərini tarıma çəkən vəziyyət də belə qənaətə gəlməyə zəmin yaradır ki, növbəti qurultayda və qurultaydan sonrakı proseslərdə durum gərginləşəcək, hətta istefalara səbəb olacaq narazılıqlar da baş qaldıracaq. Bu kimi olaylar bilavasitə partiyanın gələcək fəaliyyətinin uğursuzluq sindromundan çıxa bilməyəcəyi reallığını da ortaya qoymaqdadır.
“Sabiq müsavatçı: “Bəlkə də daha pis aqibət gözləyir Müsavatı bundan sonra”
Yeri gəlmişkən, partiyanın gələcəyi ilə bağlı çıxış edən “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini, uzun illər Müsavat partiyasında fəallığı ilə seçilmiş Azər Ayxan çalışdığı mətbu orqanda ilşginc fikirlərini bölüşərək, müəyyən proqnozlarla çıxış edib. SİA xəbər verir ki, o partiyada gedən prosesləri ara-sıra izləyir və başqanlığa namizədlərin iddialarının nə qədər həqiqətə uyğun olması ətrafında düşüncələrini bölüşür. Lakin partiyaya kimin başqan seçilməsinə baxmayaraq, bu siyasi təşkilatda hər hansı bir yeniliklərin, uğurların baş verəcəyini gözləməyə dəyməz: “Yeni iddiaçılar indidən deyirlər ki, başqan seçilsələr, Müsavatda ciddi dəyişikliklər olacaq. Uzun illər Müsavat partiyasının üzvü olmuş jurnalist, ictimai-siyasi fəal adam kimi deyirəm ki, partiyanın başına yeni şəxsin gəlməsi heç bir keyfiyyət dəyişikliyinə səbəb olmayacaq. Bəlkə də daha pis aqibət gözləyir Müsavatı bundan sonra”.
“Öz əlləri ilə bu partiyanı darmadağın etdilər”
A.Ayxana görə, 2014-cü ildəki qurultayda baş verənlər Müsavatın parçalanması ilə nəticəsini tapdı və təşkilatın quruculuğunda iştirak edən əsas şəxslərin bir çoxu oradan ya uzaqlaşdırıldılar, ya da özləri istefa verib, oranı tərk etdilər. Gedənlərin isə əksəriyyətinin İsa Qəmbər, yaxud Arif Hacılının israrları ilə uzaqlaşdırıldığına eyham vuran sabiq müsavatçı Müsavatın əvvəlki kimi siyasi gündəmdə fəallığının geri qayıtmayacağını da əminliklə ifadə edib: “2014-cü ildən sonra yaşananlar, baş verənlər Müsavat partiyasını bir neçə yerə böldü. Bu partiyanın özəyini təşkil edən, onun qurulmasında, güclənməsində, fəaliyyətində müstəsna xidmətlər göstərmiş şəxslər, ölkənin ciddi fikir adamları Müsavatdan ya özləri uzaqlaşdı, ya da yeni rəhbərliyin təkidi, keçmiş başqanın israrı ilə qurumdan xaric olundular. Partiyadan uzaqlaşdırılanlardan biri də bugünlərdə dünyasını dəyişən mərhum Vurğun Əyyub oldu. O cümlədən, Qubad İbadoğlu kimi dəyərli elm adamı da Müsavat Divanı tərəfindən xaric edildi. Öz əlləri ilə bu partiyanı darmadağın etdilər. İndən sonra bərpa etmək çətin və hətta mümkünsüz görünür”.
“Müsavatın vəziyyəti dəyişməyəcək”
“Hazırda Müsavat başqanlığına namizəd olanlardan Tofiq Yaqublu və Yadigar Sadıqlının, yaxud Arif Hacılının rəhbər olub-olmayacaqları vəziyyəti dəyişməyəcək”, deyə qeyd edən siyasi yazar əlavə edib ki, Müsavat partiyası əvvəlki gücünə qayıtmayacaq, ya da o zaman qayıda bilər ki, partiyadan ayrılan tanınan siyasət adamları geri dönsünlər: “Bu da real görünmür. Artıq hər kəs öz yoluna davam etməkdədir”
Maraqlı məqamlardan biri də, A.Ayxanın Müsavatın çıxış yolunun olmaması ətrafında yürütdüyü mülahizələrdir ki, o burada daha bir neçə ilginc nüanslara toxunub. İQTİBAS: “Vəziyyətdən çıxış yolu nədir kimi suallar verilə bilər. Deyərdim ki, çıxış yolu əslində yoxdur. Bu partiya muzeyəmi verilsin, yaxud buraxılsınmı kimi suallar da var. Bunları da birmənalı cavablandırmaq çətindir. Amma hər halda, Azərbaycanın iki əsas müxalifət partiyasından biri olmuş Müsavatın əvvəlki gücünə qayıtması heç real görünmür”.
“O partiyanın, o siyasətçilərin sonu uçurumdur”
Siyasi yazar istər Müsavatın, istərsə də AXCP-nin belə bir zğır vəziyyətə düşmələrində yalnız hakimiyyəti günahlandırmağı doğru hesab etmədiyini qeyd edib və köklü səbəblərin vaxtilə qəbul olunmuş yanlış siyasət olduğunu bildirib. Burada əsas səbəblərdən biri də düşərgə daxilində partiyaların bir-birlərini həzm etməmək, ambisiyaların mövcudluğu, düşmənçilik mövqelərinin sərgilənməsi kimi iddiaları göstərilir: “Ən bağışlanmaz səhvlərdən biri müxalifətdaxili barışmaz mühitin olmasıdır. İllərlə davam edən bu proses sonda bu düşərgəni yedi bitirdi. Müxalifət nə zaman birləşmək, güclənmək istəyib, daha böyük parçalanmalara, zəifləməyə məruz qalıb. Bu mühit çox dəhşətlidir. Uzun illər Müsavatın daxilindəki proseslərə yaxından bələd olan bir adam kimi deyirəm, o cür mənəvi mühit əvvəl-axır bu partiyaların, bu partiyalara rəhbərlik edən şəxslərin mənəvi-siyasi, həmçinin ruhsal çöküşünə, böhranına səbəb olacaqdı. Bəzən deyirlər ki, siyasətdə nə mənəvi mühit. Bu, yanlış fikirdir. Siyasəti yaradan, onu təşkil edən insanlardır, şəxsiyyətlərdir. İnsanların mənəvi göstəriciləri olmasa, onların bir-biri ilə münasibətlərində əxlaq əsas yer tutmasa, o partiyanın, o siyasətçilərin sonu uçurumdur”.
“Tərəfdarlara qarşı bu cür sayğısız davranış müxalifəti gücdən salan amillər sırasında yer aldı”
Yazısında digər amillərə və faktorlara da toxunan A.Ayxan müxalifət rəhbərlərinin öz tərəfdarlarına qarşı sayğısız mövqe sərgiləmələrinin də partiyaların zəfiləməsinə köklü səbəb olduğunu qeyd edib. “Tərəfdarlara qarşı bu cür sayğısız davranış müxalifəti gücdən salan amillər sırasında yer aldı”, xatırladan baş redaktorun müavini sonda bildirib ki, fədakarlıq azaldı, partiyalardan qopmalar artdı: “Bu üzdən də görə-görə gəldiyimiz üçün Müsavat partiyasının timsalında müxalifətin güclənməsi, toparlanması, reanimasiya olunması çox ciddi şübhələr doğurur”.
A.Ayxanın qeydlərindən həm də belə bir nəticə çıxarmaq olar ki, bu gün düşərgədə özlərini aparıcı müxalifət partiyaları kimi təqdim edən şəxslər hətta bundan sonrakı cəhdlərində də heç bir siyasi uğurlara imza ata bilməyəcəklər.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB