Mais Səfərli: “Müxalifətin mitinq arzusu reallığa çevrilməyəcək”

Mais Səfərli: “Müxalifətin mitinq arzusu reallığa çevrilməyəcək”

“Müxalifətin bu gün Azərbaycanda hər hansı bir mitinq keçirməyə heç bir əsas yoxdur”. Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, radikal müxalifət özündən uydurduğu problemləri qaldırmağa çalışır: “Amma ölkəmizdə nə isə bir problem olsa belə həmin problemlər tez bir zamanda öz həllini tapır. Ümumiyyətlə, müxalifət bu gün reallığı özündə əks etdirməyən məsələləri şişirtmək istəyir. Lakin bu da onlarda alınmır. Çünki müxalifətin cəmiyyətdə heç bir çəkisi və nüfuzu yoxdur. Onlar birləşsələr belə nə isə edə bilməyəcəklər. Yəni müxalifət tərəfindən həmin mitinqlər keçirilsə belə kütləvi aksiya xarakteri almayacaqdır. Sadəcə olaraq, bunlar gündəmdə qalmaq üçün və Qərbdə bəzi dairələrin diqqətini özlərinə cəlb etmək üçün bu addımları atırlar. Demək olar ki, müxalifətin işi-gücü ancaq iqtidarın fəaliyyətinə kölgə salmaq, ağa qara deməkdən ibarət olub. Ümumiyyətlə, bu gün heç kəsə sirr deyil ki, müxalifət xarici qüvvələrdən maliyyə yardımları alır. Müxalifət təmsilçiləri bu cür mitinqlər keçirməklə xaricdə olan bəzi qüvvələrin diqqətini özlərinə cəlb etməyə çalışırlar. Yəni müxalifət xaricdən özlərinə maliyyə qaynaqları əldə etmək üçün məhz mitinq şousu ilə çıxışlar edirlər. Düzdü bu günə qədər müxalifət tərəfindən bir çox aksiyalar, mitinqlər keçirilib. Amma hər dəfə də müxalifət tərəfindən keçirilən mitinqlər uğursuzluqla nəticələnib. Bu dəfə də müxalifətin keçirəcəyi mitinqlərin heç bir nəticəsi olmayacaqdır. Çünki müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə