Türkiyədə türkdilli gənclərin geniş tərkibdə birinci görüşü keçirilir

Türkiyədə türkdilli gənclərin geniş tərkibdə birinci görüşü keçirilir
23 fevral 2011-ci il tarixindən başlayaraq Türkiyənin Trabzon şəhərində türkdilli gənclərin geniş tərkibdə birinci görüşü keçirilir. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Türkiyə Respublikasının dövlət naziri Fərrux Ozak tərəfindən də dəstəklən bu tədbir, Trabzon şəhərinin Bələdiyyəsi və bələdiyyənin Gənclər Assambleyası tərəfindən təşkil edilir. Trabzonun tarixini, mədəniyyətini və sosial mövqeyini tanıtmaq məqsədilə təşkil edən tədbirdə Türkiyənin 81 vilayətindən 150-ə yaxın aktiv gənc və türk-dilli ölkələrdən nümayəndələr iştirak edəcək.

Tədbir çərçivəsində iştirakçılar Trabzonun azad olunması yubiley şənliklərində iştirak edəcək, eyni zamanda 2011-ci il 22-29 iyul tarixlərində Trabzonda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalı haqqında məlumatlandırılacaqlar. Qeyd edək ki, bununla əlaqədar 2011-ci il Avropa Şurası nəzdində könüllülük ili elan edilib. Tədbir çərçivəsində mövcud könüllülük problemlərinin həlli yolları müzakirə olunacaq.

Tədbirdə ölkəmizi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Tarix işçi qrupunun rəhbəri Ayan Məmmədova təmsil edir. Tədbir çərçivəsində A.Məmmədovanın türk dövlətlərinin gəncləri ilə görüşməsi, ölkəmizin tarixi haqqda təqdimat keçirməsi və ölkəmizin mədəni irsi haqqında söhbət açması nəzərdə tutulub.

Qeyd edək ki, yarandığı gündən ATGTİ bir çox beynəlxalq tədbirlərdə, forum və görüşlərdə fəal şəkildə iştirak edir. İttifaq nümayəndələri Meksika, Yunanıstan, Almaniya, Fransa, Rusiya, Gürcüstan və başqa ölkələrdə keçirilən tədbilərdə Azərbaycanı təmsil edirlər. Tədbir 27 fevral tarixinədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə