ARDNŞ ilə bp və “EksonMobil” şirkətləri arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev fevralın 22-də Londonda bp şirkətinin icraçı direktoru Robert Dadli ilə görüşüb. SİA-nın xəbərinə görə, bp şirkətinin ARDNŞ ilə "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" yataqlarının işlənilməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşası və istismarı layihələrinin həyata keçirilməsində uzun müddətdən bəri davam edən səmərəli əməkdaşlıq münasibətləri haqqında ətraflı müzakirələr aparılmış, "Şəfəq-Asiman" yatağı üzrə görülən işlər barədə danışılıb. Tərəflər əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd ediblər.
Görüşdə "Şahdəniz" yatağının işlənilməsi layihəsinin 2-ci fazası çərçivəsində gözlənilən perspektivlər, Azərbaycan qazının Avropaya nəqli, habelə Azərbaycanda və üçüncü ölkələrdə həyata keçirilən layihələrdə ARDNŞ ilə bp arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Fevralın 22-də Rövnəq Abdullayev "EksonMobil" şirkətinin Avropa və Xəzər regionu üzrə regional meneceri Filip Malholl və şirkətin beynəlxalq məsələlər üzrə baş məsləhətçisi Stiven Mənn ilə də görüşüb. Əvvəl tutduğu vəzifələrlə əlaqədar Azərbaycanla və regionla yaxından tanış olduğunu vurğulayan Stiven Mənn yeni vəzifədə də respublikamızla əlaqələrin inkişafına çalışacağını söyləmiş, qarşıdakı dövrdə "EksonMobil" və ARDNŞ arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağına ümidvar olduğunu bildirib.
R.Abdullayev "EksonMobil"in Azərbaycanda fəaliyyətə başlayan ilk beynəlxalq neft-qaz şirkətlərindən biri olduğunu və regional əhəmiyyətli irimiqyaslı layihələr çərçivəsində ARDNŞ ilə uğurlu əməkdaşlıq münasibətləri qurduğunu diqqətə çatdırıb.
Bildirib ki, iki şirkət arasında ötən müddətdə formalaşmış işgüzar münasibətlər bundan sonra da uğurla davam etdiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB