Paşinyana növbəti şillə

ABŞ-da "Qarabağ Azərbaycanındır" şüarı ilə havaya təyyarə qaldırmaqla Azərbaycan bir daha Ermənistandan diplomatik üstünlüyə malik olduğunu nümayiş etdirdi

Məlum olduğu kimi, sentyabrın 22-də Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-a səfəri zamanı, ilk olaraq, Kaliforniyaya gələrkən, Bakının sürprizi ilə üzləşib. Belə ki, Nikol Paşinyanın bu şəhərə gəlişini nəzərə alan ölkəmizin Los-Ancelesdəki Baş Konsulluğu ona əsl sürpriz edib. Konsulluq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasəti barədə yerli əhalini geniş şəkildə məlumatlandırmaq üçün həmin gün Los-Anceles səmalarına ingilis dilində böyük hərflərlə "Karabakh is Azerbaijan! End the Occupation!" ("Qarabağ Azərbaycanındır! İşğala son qoy!") şüarını daşıyan təyyarələr qaldırılıb. Bundan əlavə, üzərində Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal plakatların olduğu xüsusi maşınlar gün ərzində Los-Ancelesin ən müxtəlif guşələrini dolaşaraq, çoxlu sayda şəhər sakininin Ermənistanın işğalçılıq siyasəti haqda məlumatlanmasına səbəb olub. Plakatlarda Azərbaycanın 20% ərazisinin işğal olunduğu, 1 milyonadək soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, işğal altında olan ərazilərimizdə Azərbaycan mədəniyyətinə qarşı soyqırımı həyata keçirildiyi, Xocalı soyqırımı və digər məsələlər barədə məlumatlar da verilib.
Paşinyanın Los-Ancelesə səfəri ABŞ mətbuatında da tənqid olunub. Belə ki, ölkənin ən böyük yəhudi qəzeti olan, Los-Ancelesdə nəşr olunan "Jewish Journal" və "NewzBlaze" qəzetlərində Ermənistanın işğalçılıq siyasəti həyata keçirən kriminal bir dövlət olduğu, beynəlxalq hüququ kobud şəkildə pozmaqda davam etdiyi, Ermənistanda nasist generalların (Njde Qaregin və başqaları - "YM".) milli qəhrəman elan olunduğu, anti-semitizmin geniş yayıldığı qeyd olunaraq, belə bir ölkənin baş nazirinin Los-Ancelesdə qəbul olunmasının qeyri-məqbul olduğu qeyd olunub. Məqalələr sosial şəbəkələrdə geniş yayılaraq, sadə amerikalılar tərəfindən N.Paşinyanın səfərinin kəskin tənqidinə səbəb olub.

Paşinyanın arzuları bu dəfə də puç oldu

Hələ bir neçə ay əvvəlcədən hazırlaşan və intizarla ABŞ səfərini gözləyən Paşinyanın məqsədi rəsmi Vaşinqtonun gözündə rəğbət qazanmaq və Birləşmiş Ştatların işğalçı ölkəyə ciddi siyasi və maddi dəstəyinə nail olmaqdır. Amerikadakı erməni lobbisi də xeyli müddətdir ki, bu yöndə səylər göstərir. Lakin bu səylərin hamısı boşa gedib. Artıq bəllidir ki, N.Paşinyan ABŞ-da, nəinki prezident Donlad Trampla, habelə, dövlət katibi Mayk Pomneo ilə də görüşə bilmədi. Daha dəqiq desək, "xalq baş naziri" ABŞ tərəfindən tam "qulaqardı" və "iqnor" edilib. Səbəb isə, Birləşmiş Ştatlarda Ermənistan rəhbərinə ciddi inam və etimadın qalmamasıdır. Çünki Paşinyan hansı istiqamətə yönəlməsini anlaya bilməyib, yəni hakimiyyətdə olduğu 1 il yarım ərzində Amerikaya yox, Rusiyaya yaxınlaşma kursu aparıb, o sırada Moskvanın istəyi ilə Suriyaya hərbi-humanitar missiya göndərib ki, bu da, Vaşinqtonun sərt reaksiyasına səbəb olub.
Digər məqam isə, Paşinyanın Rusiyanın qorxusundan "Açıq Cəmiyyət İnstitutu"nun rəhbəri Corc Sorosla görüşdən imtina eləməsi ilə bağlıdır. Paşinyan Ermənistandakı hakimiyyət dəyişikliyinin, kənar qüvvələr tərəfindən planlaşdırılmadığını deyərək bildirib ki, Ermənistanda inqilab təbii şəkildə, planlaşdırılmadan baş verib: "Məsələyə Soros və ya başqa birini qatmaq istəyənlər erməni xalqının ləyaqətini təhqir etmək istəyir. Erməni xalqı onları əzənləri tarixin zibil qutusuna atdı və onlar orada qalırlar".

Eduard Abrahamyan: "ABŞ-ın Ermənistana qarşı mənfi qərəzi var: Paşinyanın ABŞ səfəri icma xarakerlidir"

Böyük Britaniya Dövlət İdarəetmə İnsitutunun eksperti Eduard Abrahamyanın sözlərinə görə, Nikol Paşinyanın erməni icmasına hansı vacib mesajları çatdıracağı hər kəsə məlumdur: "ABŞ-ın erməni icmasına siyasi cəhətdən yetkin mesajlar çatdırılması üçün Ermənistan-ABŞ münasibətləri ilə bağlı aydın bir görüşə nail olmaq lazımdır. Bizim belə bir baxış nəzərimiz yoxdur. Üstəlik, erməni siyasi elitası son 25 ildə bu görüşü formalaşdıra bilməyib. Fikrimcə, Ermənistan-ABŞ münasibətlərinin aşağı səviyyədə olmasını nəzərə alsaq, ən azı, Ermənistan-ABŞ münasibətlərinin strateji baxışa əsaslanan ümumiləşdirilmiş gündəliyini tərtib etmək əsas məsələdir".
Eduard Abrahamyan bildirib ki, ABŞ-ın Ermənistana qarşı mənfi qərəzi var: "Çünki İrəvan ABŞ-ın rəqibləri Rusiya, İran və artıq Suriyanın yanında yer alıb. ABŞ-ın analitik mərkəzlərində əldə edilən proqnozlar və yekun rəylər bundan irəli gəlir. Bu yanaşmanı dəyişmək lazımdır".

Oleq Kuznetsov: "Paşinyan populist və demaqoqdur"

Rusiyalı politoloq Oleq Kuznetsov bildirib ki, Paşinyan, ilk gəldiyi gündən, ancaq populist çıxışlar edib: "Paşinyan daxili siyasətdə bu ilin yazında xalqına verdiyi vədlərin heç birini yerinə yetirməyib. Küçədən hakimiyyətə gələn Paşinyan populist və demaqoqdur, eləcə də, dövlət idarəçiliyi və maliyyə siyasəti məsələlərində həvəskardır. O və onun bütün komandası Amerikayönümlü qeyri-hökumət təşkilatlarından ortaya çıxan şəxslərdir. Əsas vəzifələri də dövlət quruculuğu deyil, dövləti tənqid etməkdir. Buna görə də, Ermənistanın mövcud hökuməti tamamilə həvəskar və demaqoqlardan ibarətdir. Bu adamların heç biri ölkədə müsbətə doğru köklü dəyişiklik etmək iqtidarında deyil".
Politoloqun sözlərinə görə, Paşinyan və onun komandası erməni əhalisi arasında öz inamlarını təmin etmək üçün yeganə üsula malikdir: "O, seçki ərəfəsində əhalinin diqqətini daxili problemlərlə qatmalıdır. Paşinyan kollektiv şüursuzluqdan istifadə edərək, kütlənin ona olan sədaqətini itirməsinə yol verməmək fikrindədir. Ona görə də, bu gün Dağlıq Qarabağ separatçılarının qeyri-qanuni silahlı qruplaşma komandirlərinin siyasi xələfi kimi, o, Ermənistan-Azərbaycan münaqişəsini qızışdırmağa məcburdur. Erməni ordusu çarəsizliyi səbəbindən, genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilməz, lakin seçki ərəfəsində öz reytinqini yüksəltmək üçün işğal olunmuş torpaqlarda hər hansı hərbi təxribat həyata keçirə bilər - Paşinyan bunu bacarır".

Paşinyanın əndrəbadi siyasi "manevrləri" özünüifşaya aparır

Göründüyü kimi, Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalar və ümumilikdə, əndrabadi siyasi "manevrləri" onun çox gerizəkalı olduğunun göstəricisidir və bununla, ölkəsinə və onun işğalçılıq siyasətinə qarşı hər gün daha çox beynəlxalq qınaq yaradır. Eyni zamanda, bu boşboğaz baş nazirin Azərbaycanın işğal olunmuş ərazisində Dağlıq Qarabağda ümumerməni oyunları kimi avantürist tədbirlərə qatılması və orada "Qarabağ Ermənistandır. Nöqtə" deməsi, onun növbəti sərsəmləməsidir. Çünki bütün dünya dövlətləri, o cümlədən, beynəlxalq siyasi və hüquqi təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyırlar. Bu isə, beynəlxalq hüquq normalarına əsaslanır. Eyni zamanda, BMT-nin də işğal edilmiş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad olunmasına dair məlum dörd qətnaməsi, bir daha aydın şəkildə göstərir ki, Ermənistan işğalçıdır və Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək qaçılmazdır.
Nikol Paşinyan dəfələrlə iddia edib ki, guya Azərbaycan Ermənistanla deyil, guya qondarma "DQR xalqı" ilə müharibə aparır. Ona görə də, o, danışıqlarda daha çox qondarma "DQR"in əhalisinin tərəf kimi iştirak etməsini irəli sürürdü. O zaman, bəs bu debil "siyasətçi" başqa bir dövlətin rəhbəri olduğu halda, niyə beynəlxalq aləmin də Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağa tez-tez səfər edir? Eyni zamanda, hətta gedib Şuşada "Yallı" getməsi, həqiqətən də, Paşinyanın quduz və işğalçı simasını dünyaya bir daha göstərmiş oldu. Bax, budur Paşinyanın debil, sərsəm və işğalçı siması. Bir sözlə, bugünükü vəziyyət onu sübut edir ki, işğalçı ölkədə kriminal rejim çöküb. Paşinyan bilməlidir ki, Ermənistanda inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq.
Ümumiyyətlə, real vəziyyət, onu sübut edir ki, Ermənistanın bir dövlət olaraq, mövcudluğu və gələcəyi Dağlıq Qarabağ amilindən asılıdır. Çünki bu dövlətin gələcəyi Azərbaycanla qonşuluq prinsiplərinə əməl etməkdən keçir. İşğalçı Ermənistanın yeni rəhbərliyi - Paşinyan da sələfləri kimi, səbəbi qoyub nəticələrlə uğursuz mübarizə aparır. Deməli, yekun eyni olacaq, daha dəqiqi, daha pis olacaq... Daha dəqiq desək, Ermənistanda inkişaf və sabitlik Dağlıq Qarabağ münaqişəsi həll edilməyənə qədər bərqərar olmayacaq.

A.SƏMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə