Hikmət Babaoğlu: “Xocalını azad etməklə Ermənistana layiqli cavab vermiş olarıq” - MÖVQE (SƏSTV)

Hikmət Babaoğlu: “Xocalını azad etməklə Ermənistana layiqli cavab vermiş olarıq” - MÖVQE (SƏSTV)

Bu gün Azərbaycan mətbuatında Xocalı soyqırımı barəsində yer alan məlumatlar ölkə daxili üçün məqbuldur. Çünki, ideloji məzmunundan asılı olmayaraq Azərbaycan mediası bu hadisəni geniş məlumatlarla kifayət qədər işıqlandırır. Ancaq bizim üçün vacib olan məsələ hadisənin miqyasının, məqsədini və nəyə görə törədildiyini dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bu sözləri "SƏS.TV"-yə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımı və Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatıdırılması istiqamətində ən böyük missiya Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva tərəfindən başladılan "Xocalıya Ədalət" kompaniyasıdır: "Ona görə də hesab edirəm ki, Azərbaycan mətbuatının bu istiqamətində görüləsi çox böyük işləri var. Amma burada bir sıra baryerlər var. Qeyd etmək istərdim ki, bu gün beynəlxalq media aləminə daxil olmaq və həmin media vasitəsi ilə dünya ictimaiyyətinə informasiya ötürmək lazımdır. Ona görə də hesab edirəm ki, bu prosesdə müəyyən irəliləyişə nail olmaq lazımdır. Bu gün texniki imkanlardan bəhrələnərək daha ətraflı məlumat çatdırmalıyıq. Amma bir məsələ var ki, bunu problem kimi qəbul etmək lazımdır. Bizim təbliğ etdiyimiz auditoriyada bizi nə qədər həvəslə dinləyirlər? Bu həqiqətləri görmək istəyənlərin sayı nə qədərdir?".

 

H. Babaoğlu bildirib ki, dövlətini yeritdiyi xarici siyasət sahəsində Azərbaycanı dinləyənlərin sayı günbəgün artır: "Bu gün informasiya dünyasıdır və çox təəssüf ki, informasiya dünyasında mövcud olan qanunauyğunsuzluqlar var. İnformasiya imperiyasında bəzi hallarda müraciət olunan səsləri ümumiyyətlə eşitmək istəmirlər. Bu problemin aradan qaldırılması üçün qarşımıza məqsəd qoymalıyıq".

 

Xocalı soyqırımına hüququ qiymətin verilməsinə gəlincə, H.Babaoğlu qeyd edib ki, bu soyqırımı qlobal bir məsələdir: "Hesab edirəm ki, Azərbaycan mətbuatının üzərinə nə qədər məsuliyyyət düşürsə, bir o qədər də demokratik cəmiyyətin quruculuğunda iştirak edən ictimai institutlar, insan hüquqların müdafiəsi təşkilatları, qeyri-hökumət təşkilatlarının üzərinə düşür. Hesab edirəm ki, məsələnini hüquqi-siyasi tərəfi ilə mətbuatla yanaşı, insan hüquqların müdafiəsi təşkilatları, qeyri-hökumət təşkilatları məşğul olmalıdırlar. Məsələnin araşdırılmasına gəlincə, bildiyiniz kimi Baş Prokurorluqda cinayət işi qaldırılıb. Orada cinayət törədənlərin konkret adları və ünvanları göstərilib. Lakin beynəlxalq məhkəmədə müəyyən məsələlərə münasibətin bildirməsi üçün onlara qarşı diqqət ayırmaq lazımdır. Həmin təşkilatlar bir növ buna məcbur olmalıdır. Ona görə də bu istiqamətdə görüləsi işlərimiz çoxdur. Bu tək Azərbaycan xalqına deyil, bütünlükdə insanlığıa qarşı törədilən bir cinayətdir. Buna görə də, bu qətliamı törədənlər Haaqa Məhkəməsi qarşısında cavab verməlidirlər. Eyni zamanda Ali Baş Komandanın əmri ilə biz işğalda olan torpaqlarımızı, həmçinin Xocalını azad etməklə Ermənistana layiqli cavab vermiş olarıq".

Bütün xəbərlər Facebook səhifəmizdə