Eldar Sabiroğlu: “Hər hansı bir bəyanatı açıqlayarkən bir qədər diqqətli olmaq lazımdır”

Eldar Sabiroğlu: “Hər hansı bir bəyanatı açıqlayarkən bir qədər diqqətli olmaq lazımdır”

"Bu hadisəyə biganə qalmaq mümkün deyil. Hər bir şəxsin bu hadisəyə münasibət bildirməyə haqqı var. Bu itki çox ağır və dözülməzdir. Biz bunun məsuliyyətini dərindən dərk edirik. Ancaq hadisə baş verdiyinə görə, hər hansı bir bəyanat açıqlayarkən bir qədər diqqətli olmaq lazımdır. Bəzən elə fikirlər, elə bəyanatlar səslənir ki, sözün doğrusu, təəccüb etməyə bilmirsən". Bunu SİA-ya açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu deyib. O, qeyd edib ki, hadisə ilə əlaqədar olaraq dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin hərbi bölməsində 7 hərbçinin öldürülməsi ilə bağlı baş verən son hadisənin araşdırılmasına dair xüsusi tapşırıq verib: "Ali Baş Komandan hər bir şeyi dərhal nəzarət altına götürüb. Onun həyata keçirdiyi tədbirlər də ölkə ictimaiyyətinə məlumdur. İstintaq araşdırmasının nəticəsinə uyğun olaraq kimlərsə günahkar olacaqsa, hadisə kimlərinsə günahı və səhlənkarlığı ucbatından baş veribsə, onlar da öz cəzasını alacaqlar. Günahkarlar cəzasız qalmayacaq. Bu birmənalıdır".

 

E.Sabiroğlu eyni zamanda Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun parlamentin son iclasında çıxışı zamanı "son altı ildə həyatını itirən hərbçilərin sayı 500-dən çoxdur" fikrinə də münasibət bildirib: "Elə rəqəmlər səsləndirilir ki, insan bir anlıq bunların haradan əldə olunduğunu düşünür? Guya 5-6 il ərzində 500-ə yaxın əsgər dünyasını dəyişib. Deyilənə görə, bunun 300-ü qeyri-döyüş itkisidir, qalanı da döyüş itkisidir. Bunlar dəqiq rəqəmlər deyil. Bu məlumatı hörmətli deputat haradan əldə edib? Bizə cavab verə bilərmi? Həmin rəqəmləri gündəlik olaraq səsləndirirlər, Z.Oruc da mexaniki olaraq həmin rəqəmləri Milli Məclisdə səsləndirib. Mən bir qədər diqqətli olmağı xahiş edirəm. Düzdür, heç kimə nəsihət vermək ixtiyarım, nə də bunu etmək fikrim var. Amma belə çətin məqamlarda diqqətli olmaq hər birimizin borcudur. İtkilər baş verib. Bunların bir qismi döyüş itkiləri olub. Eyni zamanda xəstəlikdən həyatını dəyişən əsgərlərimiz də olub. Ancaq məsələni bu şəkildə ictimaiyyətə təqdim etmək düzgün deyil. Bir qədər əvvəl söylədim ki, 7 hərbçi itirmişik. Buna laqeyd münasibət göstərmək də olmaz. Həqiqəti əks etdiriməyən rəqəmlər ictimaiyyəti çaşqın vəziyyətə salır".

 

Müdafiə Nazirliyinin rəsmisi bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan ordusu öz istəyinə çatacaq: "Biz öz torpaqlarımızı işğaldan azad edəcəyik. Orduda itkilər dünyanın ən inkişaf etmiş ölkələrində də baş verir. Ermənistanda bu sahədə vəziyyət daha pisdir. Bununla belə baş vermiş hadisəyə haqq qazandırmıram. Hadisə ilə bağlı açıqlama verərkən nəyin doğru olduğunu bilmək lazımdır. Belə çıxır ki, hər il Müdafiə Nazirliyinin hərbi hissələrində 100 dən çox adam həlak olur. Axı, bu düzgün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə