Səudiyyə Ərəbistanının Milli bayramı qeyd olunub FOTOLAR

Səudiyyə Ərəbistanının Milli bayramı qeyd olunub FOTOLAR

Bu gün Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə rəsmi qəbul təşkil edib. Möhtəşəm tədbir Four Seasons otelində baş tutub. SİA-nın verdiyi məlumata görə, hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Haməd bin Abdullah bin Səud bin Xudeyr bildirib ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra inkişafda böyük sıçrayışlar olub. O, əlavə edib ki, bu il Milli Gün "Zirvəyədək əzmkarlıq" şüarı altında qeyd olunur.

Krallığın ən böyük donor ölkələrindən biri olduğunu qeyd edən səfir ölkəsinin beynəlxalq inkişafın əsas tərəfdaşı sayıldığını deyib. Diplomat ölkəsinin Azərbaycanın müstəqiliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edib. Bu gün əlaqələrin artan xətlə inkişaf etdiyini deyən səfir bunda qarşılıqlı səfərlərin vacib rolu olduğunu əlavə edib. O, Azərbaycanın Baş naziri Novruz Məmmədovun Krallığa səfərini, ölkəsinin ədliyyə nazirinin Azərbaycana səfərlərini xatırladıb. O bildirib ki, səfərlər zamanı iki ölkənin maraqlarına uyğun saziş və memorandumlar imzalanıb.
Daha sonra Maliyyə naziri Samir Şərifov çıxış edərək Azərbaycan hökumətinin və Prezidetinin Səudiyyə Ərəbistanı xalqına ən səmimi təbrikərini çatdırdığını deyib. Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir. O, iki ölkə arasında əlaqələrin tarixi, dini və mədəni bağlılığını vurğulayıb. Nazir qeyd edib ki, keçirilən yüksək səviyyəli mühüm görüşlər iki ölkə arasında siyasi, iqtisadi əlaqələrin genişləməsinə təkan verib. İndiyədək iki ölkə arasında 20 sənəd imzalanıb və hazırda 8 sənəd üzərində danışıqlar gedir. S.Şərifov deyib ki, iqtisadiyyat, ticarət, mədəniyyət sahəsində əməkdaşlıqla yanaşı iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Rəsmi hissədən sonra qonaqlara milli rəqslər, milli alətlərdə ifalar təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə