Azərbaycanın nailiyyətləri dünya ölkələrinə nümunə olaraq göstərilir

Azərbaycanın nailiyyətləri dünya ölkələrinə nümunə olaraq göstərilir

Xalqımız Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür və əldə olunan uğurları yüksək qiymətləndirir

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, prinsipial, milli maraqlara əsaslanan siyasəti nəticəsində ölkəmiz güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Bunu təkcə siyasi və iqtisadi sahədə ixtisaslaşmış ekspertlər deyil, eyni zamanda, dünyanın nüfuzlu reytinq və beynəlxalq təşkilatları bildirirlər. Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər dünya ölkələrinə nümunə olaraq göstərilir. Ölkəmizdə sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub. Qeyd edək ki, ölkəmizdə iş yerlərinin yaradılması daimi prosesdir. 2004-cü ildə regionların inkişafına dair ilk Dövlət Proqramının icrasına başlanandan bu günə qədər bir milyon 900 minə yaxın yeni iş yeri yaradılıb. Dövlətimizin başçısı bunu belə əsaslandırır ki, bəzi başqa ölkələrdən fərqli olaraq, bizdə əhali artır. Bu da iqtisadi inkişafın təzahürüdür. Hər il Azərbaycanda əhalinin sayı 100 mindən çox artır. Buna görə də, iş yerlərinin yaradılması daimi proses olmalıdır. Bundan sonra da işsizliyin ən aşağı səviyyədə saxlanılmasına çalışacağıq. Məhz bu məqsədə çatmaq üçün atılan addımlar uğurlu nəticələrlə müşayiət olunur. Dövlət Statistika Komitəsinin açıqlamasına əsasən, cari ilin birinci yarısında ölkədə 92 min yeni iş yeri yaradılıb. İş yerlərinin 28,9 faizi qeyri-dövlət sektorunda yaradılıb. Bu da, ölkədə sahibkarlığın inkişafından xəbər verir. Regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən, yol-nəqliyyat, elektrik, qaz və su təchizatı infrastrukturunun yenilənməsi işləri görülür və bu gün də davam etməkdədir. Təbii ki, sahibkarlığın inkişafında bu kimi addımlar əsasdır. Hazırda özünüməşğulluğun təminatının prioritetliyi, ailə təsərrüfatlarının inkişafına göstərilən dəstək də hədəf kimi irəli sürülən qeyri-neft sektorunun inkişafına xidmət edir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, eyni zamanda, müxtəlif istiqamətləri əhatə edən strateji yol xəritələri hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Strateji Yol Xəritəsində hədəf kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə, ən azı 450 ABŞ dollarına çatdırılmasının əsasında da qeyri-neft sektorunun, qeyri-neft sənayesinin azı üç dəfədən çox artımı dayanır. Bunun əsas şərti isə, ölkə iqtisadiyyatında rəqabətqabiliyyətli qeyri-neft sektorunun, aqrar sahənin inkişafına nail olmaqdır. Hədəfə çatmaq üçün qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən fındıqçılıq, üzümçülük, şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm, tranzit potensialının genişləndirilməsi və digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, dövlət dəstəyi artırılır, iqtisadi zonalar, sənaye parkları yaradılır, inzibati prosedurlar sadələşdirilir. O da məlumdur ki, 2015-ci ildə ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Fərmana əsasən, sahibkarlıq subyektlərində lazımsız yoxlamaların aparılması 2 illik müddətinə dayandırılmışdır. Bu müddət Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilədək uzadıldı. Daim qeyd olunduğu kimi, əgər inkişaf etmiş ölkələr sırasında addımlamağı əsas hədəf seçmişiksə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnmək və idarəçilik sitemində təkmilləşmə aparmaq mütləqdir. Görülən bu işlərin nəticəsidir ki, dövlətimizin başçısı İlham Əliyevin “Made in Azerbaijan” brendinin təşviqinə dair qəbul etdiyi qərarla ölkəmiz dünyanın 170-dən çox dövləti ilə ticarət əlaqəsi yaradıb. Tərəfdaşlar artdıqca istehsal edilən qeyri-neft məhsullarının çeşidi də çoxalır. Statistik məlumatlara diqqət yetirsək, bu gün Azərbaycan artıq 167 yeni növ məhsulun ixracına başlayıb. İxrac olunan qeyri-neft məhsullarının çeşidi 3 mini ötüb. 2013-2020-ci illəri əhatə edəcək mərhələdə Azərbaycanın hədəfi inkişaf etmiş ölkələrlə eyni sırada addımlamaq, qeyri-neft sektorunun hərtərəfli inkişafına nail olmaqdır. Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən düşünülmüş dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə və yüksək əlavə dəyər yaradan ixracyönümlü iqtisadiyyata transformasiya və sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma ölkəmizdə də əsas prinsiplər kimi diqqət mərkəzində saxlanıldığından, daim bu istiqamətdə ciddi addımlar atılır. Təcrübə göstərir ki, belə bir sistem yalnız sahibkar təşəbbüsünə və sərbəst rəqabətə əsaslanan bazar münasibətləri şəraitində mümkündür. Bu səbəbdəndir ki, xarici investorların maraq göstərdiyi ölkəmizdə dünya təcrübəsindən istifadəyə diqqət artırılır, sağlam investisiya mühitinin yaxşılaşdırılması məqsədilə mühüm işlər görülür. Sahibkarlar onlara yaradılan şəraitdən məmnun qalaraq, “Made in Azerbaijan” brendinin təqdimatına öz töhfələrini verirlər.Göründüyü kimi, hər addımın əsasında insan amilinə dəyər dayanır. “Biz sosialyönümlü dövlətin yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır və aparılacaq. Bazar iqtisadiyyatı prinsiplərinə xüsusi önəm verilən ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsi prioritetdir. Sosial ədalət prinsipinə sadiqliyin göstəricisi olaraq, əmək haqqı islahatları davamlı proses kimi daim diqqətdə saxlanılır. Dövlətimizin başçısı İlham Əliyevin cari ilin ötən dövründə təsdiqlədiyi iki sosial paket deyilənlərə bariz nümunədir. İcrasına başlanan ikinci sosial paket çərçivəsində minimum əməkhaqqı üzrə 950 min, digər sahələr üzrə isə, 400 min nəfərin maaşı artdı. Bütövlükdə, maaş artımının ümumi əhatə dairəsi 1mln, 350 min nəfərdir. İşsizlik və yoxsulluq problemlərinin həlli dövlət siyasətində əsas yer tutur. Hazırda hər iki göstərici 5 faiz səviyyəsindədir. “ASAN Xidmət”in fəaliyyəti, həmçinin, ABAD mərkəzlərin yaradılması bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkşafını təmin edir. Ailə biznesinə asan dəstək kimi dəyərləndirilən ABAD mərkəzlərin yaradılması və fəaliyyətlərini genişləndirmələri hər bir ailənin öz məhsulu ilə tanınmasına geniş imkanlar açır ki, bu da, öz növbəsində, sosial müdafiənin təminatıdır. Məhz bu hədəflər iqtisadiyyatın aynası kimi dəyərləndirilən dövlət büdcəsinin formalaşdırılmasında da özünü göstərir. Dövlətimizin başçısı bildirir ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından daha üstün olmalıdır. 2019-cu ilin dövlət büdcəsi də sosialyönümlülüyü ilə diqqət çəkir. Bu artımlar, ölkəmizin iqtisadi imkanlarına əsaslanır ki, bunlar da, öz növbəsində, təkmil islahatları bir zərurətə çevirir. Birinci mərhələdə, yəni, müstəqilliyimizin ilk illərində yaşanan iqtisadi böhranın aradan qaldırılmasında ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadə vacib amilə çevrildi. Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafını neft amili ilə bağlaması düşünülmüş və gələcəyə hesablanmış siyasətinin nəticəsi idi. Artıq son 16 ildən artıq dövrdə atılan addımlar neft kapitalının insan kapitalına çevrilməsinin zərurət olduğunu ortaya qoydu. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar enerji sektorundan asılılığı minimuma endirir. Artıq ÜDM-də özəl bölmənin payı 75 faiz təşkil edir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahibdir. Davamlı inkişaf, öz növbəsində, yeni texnologiyaların tətbiqini zərurətə çevirir. Andiçmə mərasimində Cənab İlham Əliyev bu məqamı da qeyd etmişdir: “Bu illər ərzində, biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu... Azərbaycan bu sahədə də liderlik nümayiş etdirir. Bu, onu göstərir ki, biz gələcəyə baxırıq və gələcək də elmi-texnoloji inkişafla bağlıdır. Məhz buna görə biz təhsilə, elmə diqqət veririk, növbəti illərdə daha da böyük diqqət göstərməliyik. Çünki hər bir dövlətin uğurlu inkişafı texnoloji təminata əsaslanır. Biz ən müasir texnologiyaları Azərbaycanda tətbiq etməliyik. Buna nail olmaq üçün bizdə hazırlıqlı kadr potensialı olmalıdır, bu istiqamətdə bundan sonrakı illərdə də işlər görüləcəkdir.” Azərbaycanda güclü sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə, cəmiyyətin rifahını təmin edir. Bu səbəbdən də, Prezident İlham Əliyev öz fəaliyyətində xalqın dəstəyinə arxalanır, dövlət başçısının gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür və əldə olunan uğurları yüksək qiymətləndirir.

«Səs» Analitik Qrupu

Bütün xəbərlər Facebook səhifəmizdə