Milli və dövlət maraqlarına xidmət edən beynəlxalq əməkdaşlıq
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra dünya dövlətləri ilə əlaqələrin qurulmasına önəm verir və Azərbaycan müxtəlif regional və qlobal səviyyəli beynəlxalq təşkilatlarda fəal təmsil olunur. Respublikamızın milli və dövlət maraqlarının daha dolğun ifadəsinə və təmininə xidmət edən beynəlxalq əməkdaşlıq ölkəmizin xarici siyasət kursunun əsas istiqamətlərindən birini təşkil edir. Müxtəlif beynəlxalq təşkilatlarla əlaqələrini möhkəmləndirən Azərbaycanın Müstəqil Dövlətlər Birliyi çərçivəsində fəaliyyəti də böyük önəm daşıyır.
Azərbaycan - MDB münasibətləri regional əhəmiyyəti və mütərəqqi maraqlara xidmət etməsi ilə səciyyələnir. İlk növbədə, qeyd edək ki, təşkilatın əsasının qoyulması 1991-ci il dekabrın 8-də Rusiya, Ukrayna və Belarus respublikalarının Minsk görüşündə SSRİ-nin buraxılması və müstəqil dövlətlər birliyinin yaradılması haqqında əldə etdikləri razılaşma ilə bağlıdır. Bundan sonra, yəni həmin il dekabrın 21-də MDB-nin yaradılması haqqında razılaşmaya əsasən, quruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Moldova və Ermənistan daxil olmaqla, daha 8 ölkə qatıldı.
Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra 1993-cü ilin 24 sentyabr 1993-cü il tarixdə MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının MDB-yə daxil olmasına dair qərar qəbul olunmuşdur. Ulu Öndər Heydər Əliyev 10 oktyabr 1993-cü il tarixdə andiçmə mərasimində çıxış edərkən MDB-nin əhəmiyyətindən də bəhs edərək demişdir: "Biz əminik ki, Azərbaycanın MDB-yə daxil olması respublikanın iqtisadiyyatının inkişaf etməsi üçün yaxşı şərait yaradacaq və biz bu imkanlardan səmərəli istifadə etməliyik. Onu da, qeyd etmək istəyirəm ki, Azərbaycanın MDB-yə daxil olmasını təhlükəli bir hal kimi qələmə verməyə çalışırlar. Bu, səhv fikirdir. Azərbaycan MDB-də öz müstəqilliyini daim qoruyacaq və MDB-də iştirak etmək Azərbaycanın müstəqilliyinə qətiyyən xələl gətirməyəcəkdir. Azərbaycan müstəqil bir dövlət kimi demokratik yolla gedəcək, beynəlxalq demokratiya normalarına riayət edəcəkdir".
Bu qurum çərçivəsində müxtəlif əməkdaşlıq istiqaməti mövcuddur və Azərbaycan MDB çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığını davam etdirilərək, bu təşkilatın iştirakçı dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. Azərbaycan Respublikasının MDB üzvü olan qonşu region dövlətlərlə əməkdaşlığı gücləndirilib və qanunvericilik sistemi təkmilləşdirilib. Azərbaycan 1995-ci il sentyabrın 1-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin "Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında" 1993-cü il yanvarın 22-də Minsk şəhərində bağlanmış Konvensiyaya qoşuldu. Daha sonra, 12 sentyabr 1995-ci ildə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin gömrük qanunvericiliklərinin Əsasları haqqında" qərar, 16 sentyabr 1995-ci ildə Azərbaycan Respublikası tərəfindən Müstəqil Dövlətlər Birliyi iştirakçıları olan dövlətlər arasında "Gömrük işlərində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" saziş və "Gömrük xidmətlərinin qanunsuz aparılan və gətirilən mədəni sərvətlərin tutulub saxlanılması və geri qaytarılması məsələləri üzrə əməkdaşlığı haqqında" saziş təsdiq edilib.
Dövlətin əsas prioritet istiqamətlərindən olan cinayətkarlıqla mübarizə və antiterror tədbirlərinin təşkili sahəsində də bu dövrlərdə mühüm addımlar atılıb, çoxsaylı sazişlərə qoşularaq, Azərbaycan bu sahədə öz qanunvericilik aktlarını təkmilləşdirib.
Bundan əlavə, Azərbaycan Respublikasının Milli Məclisi 22 may 2007-ci il tarixdə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin nəqliyyatda cinayətkarlıqla mübarizədə əməkdaşlığı haqqında" sazişin Azərbaycan Respublikasının həmin sazişə dair xüsusi rəyi ilə təsdiq edilməsi, eləcə də, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin vergi cinayətlərinə qarşı mübarizədə əməkdaşlığı haqqında" imzalanmış sazişin Azərbaycan Respublikasının həmin sazişə dair xüsusi rəyi ilə təsdiq edilməsi, 13 iyun 2008-ci ildə isə, "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizə sahəsində əməkdaşlıq Konsepsiyası haqqında" imzalanmış qərarın Azərbaycan Respublikasının, Gürcüstanın, Moldova Respublikasının və Ukraynanın ona dair razılaşdırılmış xüsusi rəyi ilə təsdiq edilməsi, 22 iyun 2010-cu ildə isə "Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin terrorçuluqla mübarizədə əməkdaşlığı haqqında" imzalanmış müqavilənin Azərbaycan Respublikasının ona dair xüsusi rəyi ilə təsdiq edilməsi barədə müvafiq qanunlar qəbul etmişdir.
Azərbaycan Respublikasının xarici siyasətinin əsas prioritetlərindən biri Azərbaycanın müstəqilliyinə qarşı yönələn bütün təhlükələrin aradan qaldırılması, milli təhlükəsizliyin təmin edilməsi, qondarma Ermənistan Respublikası tərəfindən həyata keçirilən separatizm və işğalçılıq siyasətinin qarşısının alınmasıdır. Bu məqsədlə bölgədə və dünyada müttəfiqlərin qazanılması əhəmiyyət kəsb edir. Qeyd edilən bu və ya digər sazişlərin təsdiqi Azərbaycanın müxtəlif sahələrdə mövcud qanunvericiliyinin təkmilləşdirilməsinə və MDB-yə üzv dövlətlər ilə əlaqələrin genişlənməsinə öz töhfəsini verir.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB