BDU-nun professoru Şahlar Əsgərov Fizika İnstitutunda məruzə ilə çıxış edib

BDU-nun professoru Şahlar Əsgərov Fizika İnstitutunda məruzə ilə çıxış edib
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun növbəti aylıq hesabat tədbiri keçirilib. SİA-nın xəbərinə görə, yığıncaqda institutdaxili bir sıra məsələlərə aydınlıq gətirilib, mövcud problemlər müzakirə olunub. İnstitutun direktor müavini, AMEA-nın müxbir üzvü Cavad Abdinov institutdaxili bir sıra yeniliklər barədə məlumat verib.

Bildirilib ki, bu ildən xəzinədə müəyyən dəyişikliklər edilib: "Belə ki, ezamiyyətə gedən adamlar ölkəyə qayıtdıqdan sonra talonları qaytarmalı və onları ödəməlidirlər. Dəyişikliklərə əsasən, səfərlə bağlı hesabat talonlarla birlikdə verilməlidir. Bu maliyyə məsələsi olduğundan ciddi riayət olunmalıdır. Sənədləri vaxtında təqdim etmək lazımdır ki, əmək haqqını da lazımi vaxtda vermək mümkün olsun. Bundan əlavə, institutun üzvləri fərdi iş proqramlarını Elmi Şuraya təqdim edilməlidir ki, martın 2-də baş tutacaq şurada bunlar təsdiq olunsun. Həmçinin yaxın aylarda baş tutacaq aspirantların konfransına institutunun aspirantları da elmi işlər təqdim etməlidirlər.

Tədbirin davamında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov "Səthin qeyri-bircinsliyinin emissiya hadisələrinə təsiri" mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, XX əsrdə fizika həcmdə gedən proseslərə həsr olunub. Onun sözlərinə görə, XXI əsrdə isə fizika əsas səthdə gedən proseslərə aiddir. Ş.Əsgərov vurğulayıb ki, son dövrlərdə hazırlanan və müasir standartlara cavab verən mikroskopik cihazlar vasitəsilə səthdəki prosesləri təhlil etmək olar.

O, çıxışının davamında bu sahədə əldə etdiyi nailiyyətlərdən danışıb. Burada 2 emissiya hadisəsindən söhbət getdiyini deyən professor qeyd edib ki, klassik formada əsas parametr çıxış işidir. Çıxış işinin təyin edilməsinin 100 ildir ki, öyrənildiyini deyən Ş.Əsgərov daha sonra metal səthinin mikrostrukturası, çıxış işinin lokal qiymətinin səth boyunca dəyişməsi, qeyri-bircins səthin çıxış işi, korrelyasion asılılıq barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, aparılan təhlillər nəticəsində məlum olub ki, çıxış işinin effektiv qiyməti nisbi səthdən, çıxış işlərinin fərqindən və temperaturundan asılıdır: "İşimizin əsas məqsədi ondan ibarətdir ki, biz metal yarımkeçirici kontaktda gedən proseslərdə metal səthinin emissiya qeyri-bircinsliyi nəzərə alınıb. Yeni baxış bundan ibarətdir ki, metal yarımkeçirici kontakt fizikasında metal passiv deyil, yarımkeçirici kimi aktiv tərəfdir".

Tədbirin davamnda Ş.Əsgərov Fizika İnstitunun üzvlərini maraqlandıran sualları cavablandırıb və mövzu ətrafında fikri mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə