Berlin Azad Universitetində Qarabağ münaqişəsinə dair elmi-akademik tədbir keçirilib

Berlin Azad Universitetində Qarabağ münaqişəsinə dair elmi-akademik tədbir keçirilib
Almaniyanın aparıcı ali məktəblərindən olan Berlin Azad Universitetində (Freie Universität Berlin) Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, tarixi və həlli perspektivlərinə dair elmi-akademik tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbir həmin universitetin Türkologiya İnstitutu və Almaniya-Azərbaycan Forumunun təşkilatçılığı ilə reallaşıb. Azad Universitetin akademik senat zalında təşkil edilən tədbiri Türkologiya İnstitutunun professoru Klaus Şöniq açaraq türk dünyasının mühüm ölkəsi olan Azərbaycanın əsas probleminin təmsil etdiyi universitetdə elmi auditoriyanın diqqətinə çatdırılmasının xüsusi əhəmiyyətini vurğulayıb.

Daha sonra tədbirdə münaqişəyə dair iki əsas məruzə dinlənilib. Almaniya Bundestaqının elmi əməkdaşı Heiko Langner münaqişənin tarixi kökləri, gedişatı və onun beynəlxalq hüquq baxımından qiymətləndirilməsi barədə məruzə edib. Heiko Langner münaqişə ərzində cərəyan etmiş hadisələri tarixi və beynəlxalq hüquqi perspektivdən dəyərləndirib. O, xüsusilə Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan ayrılmasının hüquqi baxımından mümkünsüzlüyünü bildirib.

Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru Azər Babayev isə məruzəsində dalana dirənmiş Qarabağ sülh danışıqları haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. A.Babayev Ermənistanın xüsusən 2010-cu ildə qeyri-konstruktiv cəhdləri nəticəsində sülh danışıqlarının dalana dirənməsini konkret fakt və dəlillərlə sübut etməyə çalışaraq diqqəti beynəlxalq güclərin bu məsələdə Ermənistan hakimiyyətinə davamlı təzyiq etməsinə yönəldib.
Gənc tədqiqatçı A.Babayev daha sonra münaqişənin həlli ilə bağlı yenicə işləyib hazırladığı minimalist həll modelini təqdim edib. O, münaqişənin Azərbaycanın ərazi bütovlüyü çərçivəsində həllinin həm regiondaxili sülh və inteqrasiya, həm də bölgənin Avropaya inteqrasiyası baxımından spesifik üstünlüklərini göstərərək regiondakı sərhədlərin yenidən cızılmasının müasir beynəlxalq siyasi məntiqə uyğun gəlmədiyini əsaslandırıb. A.Babayev, əksinə, regional inteqrasiya zəminində mövcud sərhədlərin əhəmiyyətinin azaldılmasının vacibliyini vurğulayıb. Sülh araşdırmaçısı daha sonra qeyd edib ki, Azərbaycanın daxilində geniş muxtariyyət statusu almaqla Dağlıq Qarabağ Azərbaycan və Ermənistan arasında tez bir zamanda yenidən əməkdaşlıq münasibətlərinin qurulmasında katalizator rolunu oynaya bilər.

Berlin Azad Universitetində bu səpkidə ilk olan tədbirdə çoxlu sayda tələbə və region üzrə tədqiqatçılar iştirak ediblər. Məruzələrdən sonra tədbir iştirakçıları ilə mövzu ətrafında geniş müzakirə aparılıb. Tədbiri yekunlaşdıran professor Klaus Şöniq münaqişə barədə çoxlu yeni faktlar öyrəndiyini qeyd edərək Azərbaycanla bağlı bu cür elmi-akademik tədbirlərin gələcəkdə müntəzəm keçirilməsi təklifini irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə