Milli Məclisi İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib

Milli Məclisi İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edib

Milli Məclis bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə gömrük orqanlarında vətəndaşların əşyalarının götürülməsinə görə vəzifəli şəxslərin cərimə olunmasına dair dəyişikliklər edib.

SİA-nın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 337-ci maddəsinə edilən əlavədə qeyd olunub ki, dəniz və çay limanlarında (körpülərdə), dəmiryol stansiyalarında, avtovağzallarda (avtostansiyalarda), aeroportlarda və digər dövlət sərhədinin buraxılış məntəqələrində gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə gətirilməsinə (aparılmasına) qadağa qoyulan, xüsusi icazə tələb edən və ya məhdudiyyət qoyulan əşyaların inzibati protokol tərtib edilmədən vətəndaşlardan (hüquqi şəxslərdən) qanunsuz olaraq götürülməsinə görə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək miqdarda cərimə ediləcək.

Eyni hallarda gətirilməsinə (aparılmasına) qadağa qoyulmayan, xüsusi icazə tələb olunmayan, məhdudiyyət qoyulmayan əşyaların vətəndaşlardan (hüquqi şəxslərdən) qanunsuz olaraq götürülməsinə görə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda cərimə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə