Rövşən Novruzoğlu: “Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiya üçün o qədər də maraqlı deyil” - AÇIQLAMA
Martın 5-də Soçidə Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentləri – İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşü keçiriləcək. Bu, 2011-ci ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə prezidentlər səviyyəsində ilk görüş olacaq. Tərəflər görüşə nə ilə gedirlər və görüşdən müsbət nəticə gözləmək olarmı?
Politoloq Rövşən Novruzoğlu hesab edir ki, görüşdə təkcə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayacaq. SİA-ya açıqlamasında siyasi ekspert bildirib ki, görüşdə bütün Qafqazın problemləri müzakirə olunacaq: "Çünki, bütün Qafqaz od tutub yanır, təhlükə altındadır. Rusiyanı düşündürən də yalnız Dağlıq Qarabağ deyil, ümumilikdə Qafqazdır. Bu yaxınlarda Rusiya Təhlükəsizlik Şurasının növbədənkənar toplantısında ölkənin Xarici Kəşfiyyat İdarəsinin rəhbərləri bildiriblər ki, bütün Qafqaz terror yuvasına çevrilib. Təəssüflər olsun ki, Dağlıq Qarabağ ayrıca terror yuvası kimi qeyd olunmadı. Halbuki, Azərbaycan rəhbərliyi Dağlıq Qarabağın terror yuvası olması ilə bağlı dəfələrlə açıqlama verib. Rusiya hüquq-mühafizə orqanları Domodedovo hava limanında baş verən terror aktı ilə bağlı istintaq aparır. Belə bir versiya da var ki, partlayışda iştirak edənlər məhz Dağlıq Qarabağda təlim görüblər. Bu da təsadüfi deyil. 2006-cı ilin 21 noyabrında Rusiya Dağlıq Qarabağda bir terror təşkilatı aşkarladı. Lakin Rusiya bunu açıb-ağartmadı. Azərbaycan mətbuatı da bu məsələni çox qabartmadı. Halbuki, Azərbaycanın beynəlxalq terror təşkilatları və beynəlxalq narkoticarətin tranziti olması ilə bağlı Rusiyanın ittihamları tez-tez səslənir".
Politoloq Rusiya Təhlükəsizlik Şurasında Azərbaycanı narahat edəcək başqa bir məsələnin də müzakirə olunduğunu diqqətə çatdırıb: "Təhlükəsizlik Şurasında Xocalıda bir alayın yaradılması planlaşdırılır. Bu 366-cı alay kimi bir alay olacaq. Bilinmir ki, bu erməni-rus, ya da sırf rus hərbi birləşməsi olacaq. Bu həm dövlətin hərbi planı, həm də ölkənin strateji araşdırma mərkəzlərinin planıdır. Xocalı strateji mərkəz kimi Rusiyanın daim diqqətindədir".
R.Novruzoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin Rusiya üçün o qədər də maraqlı olmadığı bu ölkənin rəsmiləri tərəfindən də ifadə olunub: "Rusiyanın terrorla mübarizə mərkəzinin polkovniki Vladimir Kuçenkov bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini düşümür. Çünki, Rusiya istənilən vaxt Dağlıq Qarabağda hökmranlıq edə bilər. Bu baxımdan hesab edirəm ki, prezidentlərin növbəti görüşündə də müsbət bir şey gözlənilmir. Bu görüş protokol xarakteri daşıyır. Bununla belə Dağlıq Qarabağın dünyada baş verən proseslərin ayrılmaz hissəsi olduğunu demək olar".
Politoloq qeyd edib ki, münaqişəsinin həlli ilə bağlı başqa bir qurum yaradılmalıdır: "Minsk qrupu da, onu dəstəkləyən qüvvələr də iflasa uğrayıb. Dağlıq Qarabağa kimlər gəlir, nə işlə məşğul olurlar, yalnız iki ay sonra bundan xəbər tuturuq. Hesab edirəm ki, vəziyyət kökündən dəyişilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB