İnternat evində yeni alternativ xidmət növü: Günərzi Qayğı Mərkəzi

İnternat evində yeni alternativ xidmət növü: Günərzi Qayğı Mərkəzi

7 saylı Saray internat evində Günərzi Qayğı Mərkəzinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycana Birgə Yardım (UAFA) təşkilatı ölkədə ilk dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə 7 saylı Saray internat evinin nəzdində 2011-ci ilin yanvar ayından başlayaraq Abşeron rayonunda yaşayan əlilliyi olan uşaqlar üçün Günərzi Qayğı Mərkəzi layihəsini həyata keçirir.

2006- ci ildə ölkədə "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" qəbul edilib. Pilot layihə çərçivəsində fəaliyyətə başlamış Saray günərzi mərkəzi 5 ili tamam olmuş dövlət proqramına həmçinin bir töhfədir.

Dünya təcrübəsində geniş tətbiq edilən Günərzi Qayğı Mərkəzi (GQM) modelini tətbiq etməkdə məqsəd ailəsi ilə birgə yaşayan, əlilliyi olan uşaqlar üçün müəssisədə alternativ xidmət növünü təşkil etmək, bu yolla da əlilliyi olan və xüsusi qayğıya ehtiyaclı uşaqların müəssisəyə birdəfəlik atılma riskini minimuma endirmək, həmin uşaqların ailədə yaşamasını təmin etməkdir.

Məlumdur ki, əlilliyi olan uşaqların valideynləri uşaqlarının günərzi qayğısına səfərbər olduqlarından onlar işləmə imkanından da məhrum olurlar. Bu baxımdan Günərzi qayğı mərkəzi həmin ailələrə övladlarının vaxtının səmərəli təşkilinə və valideynlərin əmək fəaliyyətinə cəlb edilməsinə şərait yaradacaq.

Tədbirdə bir sıra dövlət strukturlarının və beynəlxalq təşkilatların rəsmi nümayəndələri də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə