Mübariz Əhmədoğlu: "Ermənistan İsraillə münasibətini yeni keyfiyyət mərhələsinə qaldırır"

"İsraildə erməni konsulluğu açılacaqdır, aktiv işləyirik ki, Yerevanda da İsrail səfirliyi yaransın və bu məsələ bizim gündəliyimizdə durur...Bu il ərzində İsraillə Ermənistan arasında kifayət qədər məhsuldar əməkdaşlıq baş verib. Gələcəkdə iki ölkə arasında əməkdaşlığı inkişaf etdirməkdən ötrü ciddi əsaslar var... Biz dünyada diplomatik iştirakımızı artırmaqla bağlı çox dəqiq təsəvvürə malikik...Eyni zamanda, Yerevan həm də Cənubi-Şərqi Asiyada öz mövqeyini möhkəmləndirmək niyyətindədir." Bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib.
M.Əhmədoğlu vurğulayıb ki, Ermənistanın xarici işlər naziri Z.Mnasakanyanın bu bəyanatı İsrail-Ermənistan münasibətləri ilə bağlı az qala sensasiyadır: "Nikol Paşinyan İrandan qayıtdıqdan dərhal sonra iki nümayəndə heyətini İsrailə göndərdi. O vaxtadək İsraillə Ermənistan arasında əlaqələr xeyli intensivləşmişdi".
Politoloq İranın prizmasından, dünyada İsrailin yalnız bir qayğısının olmasına da toxunaraq bildirib ki, İranı hədəfə almaq: "İranın prizmasından, dünyada İsrailin yalnız bir qayğısı var: İranı hədəfə almaq. Ermənistan da İranın qonşusudur, hətta İsrailin Türkmənistanla əlaqələrinə İran qısqanclıqla yanaşdı. İsrail-Azərbaycan əlaqələrinə İranın münasibəti artıq bütün beynəlxalq ictimaiyyətə bəllidir. Azərbaycan öz siyasətini qura, Azərbaycana doğru yönələn maraqları idarə edə bilir".
M.Əhmədoğlu, İranın reaksiyasına cavab kimi, Türkmənistanın İsraillə əlaqələri dayandırdığını bildirdi: "Türkmənistanla İranın arasında digər kifayət qədər mürəkkəb problemlər var idi. Türkmənistan da varlı dövlətdir. İsraillə əlaqələri minimallaşdıranda, var-dövlətinə görə, hətta İranla müqayisə olunmaq səviyyəsində olan dövlət idi. Ermənistan üçün 50 milyon dollar dövlətin siyasətini dəyişmək gücündədir. 50 milyon dollar isə İsrail üçün ciddi rəqəm deyil. Azərbaycan və Türkmənistanın İrana qarşı siyasətini dəyişə bilməyən İsrail, nəhayət, rəsmi Yerevanın yalvarışlarını qəbul edib, Ermənistana gəlir və məqsədi İrana qarşı iş aparmaqdır. Ermənistan bir neçə dəfə İrana qarşı vasitə kimi istifadə olunub. İran bunları bilir, amma üzə çıxarmır. İran Ermənistanla münasibətlərinin gərgin görünməsində maraqlı deyil. Azərbaycan və Türkiyə faktoru var. Həm də İranda kifayət qədər güclü məmur layı var ki, Ermənistanın ABŞ və Kanadadakı əlaqələrindən öz şəxsi maraqları üçün, İran dövlətinin maraqlarının əleyhinə istifadə ediblər. Ona görə ermənilərin İrana qarşı xəyanəti bu günədək cavabsız qalıb. Z.Mnasakanyanın açıqlamasında diqqət çəkən digər məqam İsraillə əlaqələrdən danışarkən, Cənub-Sərqi Asiyada əlaqələrin genişlənməsini bəyan etməsidir".
Politolq, həmçinin, Ermənistanın həmişə olduğu kimi, hiyləgər xislətinə də toxunub: "Cənub-Şərqi Asiya Çin deməkdir. Çinin də Ermənistanda maraqları var və ehtimal ki, bunların Türkiyəyə dəxli var. Ermənistanın İranı aldatmaq üçün İsraillə birlikdə hazırladıqları hiylə bundan ibarətdir: İsrail və Çin Ermənistanda Türkiyəyə qarşı mübarizə aparacaqlar. Amma İsrailin indi Türkiyəyə qarşı aktiv mübarizə aparmaq niyyəti yoxdur. Hətta hadisələrin gedişi İsrail və Türkiyəni əvvəlki kimi müttəfiq edə bilər. Bu, İranı aldatmaq üçün nəzərdə tutulmuş butaforiyadır".
M.Əhmədoğlu onu da deyib ki, Cənubi Qafqaz kimi qəliz regionda Çinin İsraillə əməkdaşlığa getməsi az ehtimallıdır: "Çünki Çinin siyasətinin özünün spesifikliyi var. İsrailin siyasəti müsəlman dünyası üçün nə qədər emosionaldırsa, Çinin bütün dünya üzrə siyasəti bir o qədər soyuqqanlıdır".

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə